Azərbaycanla Özbəkistan arasında hərbi-texniki əməkdaşlıq: “Təhlükəsizlik və inkişafımızın davamlı olması...”

İyunun 21-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına səfər edib. Azərbaycan lideri səfər çərçivəsində özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüş keçirib. Müzakirə zamanı İ.Əliyev qeyd edib ki, dünyadakı vəziyyət nəzərə alınmaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Bu gün Şavkat Miromonoviç ilə dialoqumuzun bir hissəsi bu məsələyə həsr edilib. Müvafiq tapşırıqlar verilib:

 “Düşünürəm ki, hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq. Mənim fikrimcə, bu sahədə də qarşılıqlı fəaliyyətimiz möhkəmlənəcək, çünki həm Özbəkistanda, həm də Azərbaycanda elə mövzular var ki, onları müzakirə etmək lazımdır, kənar təhdidlər var, ölkələrimiz və xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də düşünürəm ki, bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq”.

Azərbaycan və Özbəkistanın hərbi sahədə əməkdaşlığının əhəmiyyəti barədə "Sherg.az"a danışan millət vəkili Elman Məmmədov bildirib ki, hərbi sahədə sənədlər imzalanıb və ölkələr arasındakı əlaqələr getdikcə daha da inkişaf etdiriləcək:

"Azərbaycan və Özbəkistanın münasibətləri hər zaman yüksək səviyyədə olub. İndi də qarşılıqlı əlaqələrin irəliləməsi üzrə işlər aparılır və davam etdiriləcək. Bu, hərbi və digər müstəvilərdə çox vacibdir. Özbəkistan Azərbaycanla qardaş ölkədir. Hər iki dövlətin bir-birinə bağlı tarixi kökü var. Orada Cənab Prezidentimizin qarşılanma mərasimi, bir çox şəhərlərə səfəri, keçirilən tədbirlər də buna sübutdur. Özbəkistan dövlət rəhbərinin dostməramlı şəkildə verdiyi bəyanatları, çıxışları sevindirici haldır".

Deputat hesab edir ki, Azərbaycanın müttəfiqlərinin sayı nə qədər çox olsa, bu, dövlətçilik, dövlətçiliyin müdafiəsi, təhlükəsizlik və inkişafımızın davamlı olması üçün mühümdür:

"Çox vacib səfər və görüş baş tutub. Özbəkistan həmçinin işğaldan azad olunmuş ərazilərimizin bərpası məsələsində də töhfəsini verməyi özü üçün şərəf sayır. Bunu bəyan etməsi də ayrıca bir ürəkaçan məqamdır".