"Borçalıda İranın din adı altında siyasi-məzhəbçi təbliğatı artıq son həddə çatıb"
Pediatr Vaqif Qarayev feysbuk statusunda Gürcüstanda soydaşlarımızın yaşadıqları bölgələrlə bağlı öz narahatlığını ifadə edib. Borçalı türklərinin İran mollalarının dini təbliğatına məruz qaldığını, insanların beyinlərinin yuyulduğunu deyən əslən Borçalıdan olan pediatr sözügedən məsələlərlə bağlı həyəcan təbili çalıb:
“Gürcüstanın Avropa İttifaqına qəbulu ilə bağlı məsələ bir qədər qəlizləşib, yəqin tezliklə həllini tapar. Deməli, iki gün qabaq az qala bütün Gürcüstan meydana çıxaraq "Biz Avropa istəyirik" deyə hayqırdı. Həmişə haqsızlıqdan, hüquqsuzluqdan gileylənən soydaşlarımız neylədi? - Bir qrup gənc "Biz İran-fars rejimi istəyirik" plakatları ilə küçəyə çıxıb. Heç kim inciməsin, bu beyinləri kim yuyub, necə yuyub?
Sosial şəbəkə vasitəsilə qaldırdığı problemlərlə bağlı ətraflı şərh almaq üçün V.Qarayevlə əlaqə saxlayıb, dini fanatizmin Gürcüstan azərbaycanlıları arasında necə yayıldığının səbəblərindən danışdıq. Doktorun sözlərinə görə, dini fanatizmin Borçalıya ayaq açması onu ən çox narahat edən məsələlərdən biridir: "Bilirsiz ki, bizim zonanın (Qazax-Borçalı) adamları içkiyə meyilli xalqdır. Uşaqlıq və cavanlığım illərim orda keçib və çox yaxşı yadımdadır ki, insanlar az qala çaxır çəlləyinin içinə girirdilər. Ona görə də belə bir toplumun məskunlaşdığı ərazidə mövhumatın bu qədər yayılması mənə qəribə gəlir. Mən burada insanların dini inancını müzakirə etmirəm. Bir müsəlman olaraq dinin, gənclərimizin ibadətə meyl etməsinin əleyhinə deyiləm. Hər kəsin də dini etiqadına hörmətlə yanaşıram.
Amma Borçalı cəmiyyətinin birdən-birə dindarlaşması, fars rejiminə meyl etməsi təbii proses deyil. Burada hansısa maraqlı qüvvələrin "əli" var. Onlar din pərdəsi altında Gürcüstan azərbaycanlılarının beyinlərini yuyub onlardan "fanat ordusu" yaradırlar. Az savadlı, əsasən də orta təhsili belə olmayan gənc azərbaycanlılar dini fanatizmə meyillidirlər. Dini fanatizmin isə nə qədər təhlükəli bir hal olduğunu hamımız yaxşı bilirik.
Bütün Gürcüstan vətəndaşlarının istəyi Avropalaşmaqdır. 3-4 gün əvvəl də bu məsələ ilə bağlı möhtəşəm bir mitinq keçirilib. Gürcülərlə yanaşı orada məskunlaşan əksər soydaşlarımız da “Biz Avropa istəyirik” deyə meydanı inlədiblər. Bunun fonunda bir qrup azərbaycanlı gəncin “biz İran istəyirik” deyə qışqırması artıq şübhə doğurmaya bilməz.
Onu da deyim ki, Gürcüstanda həm milli, həm də dini ideologiya kifayət qədər oturuşub. Hər bir gürcü vətəndaşının kilsəyə xüsusi münasibət bəsləyir. Eyni zamanda katalikos da insanları öz doğması kimi müdafiə edir”.
V.Qarayevin sözlərinə görə, daha çox Qumdan gedən gəncləri pulla şirnikləndirib öz tərəflərinə çəkirlər. Təsadüfi deyil ki, Gürcüstanda aşkar olunan ilk "Covid" xəstəsi də Qumdan qayıdan azərbaycanlı idi. Yaxşı ki, gürcülər bunu çox qabartmadılar: “Nə var axı bu Qumda? Gənclərimizin qumar oynayıb, narkotik maddə aludəçisinə çevrilməyindənsə, dini ibadətlə məşğul olub, məsciddə ibadət etməsinə müsbət yanaşıram. Bir şərtlə ki, bu ibadət cahilliyə sürüklənməsin. Avropaya inteqrasiya edən Gürcüstan dini tolerantlığa əməl etmək məcburiyyətindədir. Amma bu, orada yaşayan millətlərin dövlətin verdiyi imkanlardan istifadə edib dini fanatizmə qoşulmasına rəvac vermir. Fanatikin psixologiyası başqa olur. Fanatizm virusuna qarşı yeganə vaksin isə təhsil və elmi təfəkkürdür”.
Gürcüstanda soydaşlarımız yaşayan ərazilərin təbliğat yuvasına çevrilməsi ilə bağlı “Şərq”ə danışan ilahiyyatçı, siyasi şərhçi Tural İrfan deyib ki, Borçalıda İranın din adı altında siyasi-məzhəbçi təbliğatı artıq son həddə çatıb. Ekspert bildirib ki, harada şiə əqidəsinə etiqad edən müsəlman varsa, İran hökmən ora barmaq edir: “Həmin müsəlmanları təsir altına salır, din adı altında öz siyasi maraqlarının alətinə çevirir. İran Yəməndən İraqa, Suriyaya kimi məzhəbçilik təəssübü ilə qanlar tökür. Azərbaycanda da güclü təsir rıçaqları var. Qafqaz Müsəlmanları İdarəsi demək olar ki, tamamilə İranın, Qumun filialına çevrilib. Borçalıda baş verənlər isə sərin-sərin, heç kəsin sezməyəcəyi şəkildə din pərdəsi altında edilir. Məqsəd Azərbaycan xalqının birliyini pozmaqdır”.
T.İrfan vurğulayıb ki, İmam Hüseynin yolu ilə İranın yaydığı “din” arasında ağla qara qədər fərq var:
“İmamın yolu birlik, sülh, ədalət, dürüstlük yoludur. Lakin bunlar nifaq, ayrıseçkilik, kin, radikalizm yayırlar. Hesab edirəm ki, Türkiyə və Azərbaycan Borçalıda yaşayan soydaşlarımızın vəziyyəti ilə, əsasən də dini zəmində baş verən olaylarla bağlı hərəkətə keçməlidir. Gürcüstan hökuməti ilə bu mövzuda müzakirələr aparılmalıdır. Əks halda qısa müddətdə Borçalıda yaşayan soydaşlarımız arasında birliyin pozulması qaçılmazdır. Türkiyə ilə birliyimizin onurğa sütununa İran məzhəbçilik xəncəri soxaraq nifaq salır. İslam dininə görə, bütün müsəlmanlar qardaşdır və ayrıseçkilik qadağandır. İran isə öz siyasi maraqları naminə islam dinini istənilən coğrafiyada alət kimi, qalxan kimi istifadə edir. Buna aldanmamaq lazımdır”.