Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 104 il ötür. Hər il ölkədə 26 iyun - Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şərəfli tarixi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Hazırda müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi ümumilli liderin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyası uğurla reallaşdırılır. Həmçinin iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu yaradılması və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaradıb. Bu istiqamətlərdə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait nəzərdə tutulub. Ölkənin müdafiə sənayesinin təməli qoyulub. Ordu ən müasir silahlarla təchiz edilib. Dövlətimizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirilib. Nəticədə Azərbaycanın Müzəffər Ordusu dünyanın ən güclü Silahlı Qüvvələri sırasına daxil olub.
Ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas vəzifə və istiqamətlərindən biri ölkə ərazisinin və əhalisinin birbaşa xarici hərbi müdaxilələrdən, hər hansı təhdidlərdən qorunması, dövlətin hərbi təhlükəsizliyinin təmin olunması və suveren hakimiyyət səlahiyyətlərinə xarici müdaxilələrin qarşısının alınmasından ibarətdir:
“Hərbi təhlükəsizliyin təmin edilməsində dövlətin hərbi strukturunun yaradılmasına, gücləndirilməsinə və təkmilləşdirilməsinə diqqət ayrılır. Həmçinin dövlətin hərbi qüdrətinin müasir təsirlərə qarşı müqavimətini reallaşdıran səviyyədə saxlanılmasına xüsusi yer verilir. Hərbi təhlükəsizliyin icrasında iqtisadi strukturların rolu böyükdür. Hərbi potensial Silahlı Qüvvələrin saxlanması və təkmilləşdirilməsi, döyüşün effektivliyinin artırılması, müasir silahlar, hərbi texnika və bütün növ müavinətlərlə təmin edilməsi iqtisadiyyatdan birbaşa asılıdır. Azərbaycana qarşı silahlı təcavüzə hazırlığın vaxtında aşkarlanması, ölkəmizə yönəlmiş hər hansı təcavüzə qarşı yetəri qədər güc və çəkindirmə vasitələri potensialının yaradılması, qoşunların döyüşə hazırlığı kimi məsələlər sülh dövründə Silahlı Qüvvələrin əsas vəzifələri sırasına daxildir. Azərbaycan dövləti öz təhlükəsizlik mühitini, real və potensial hərbi təhdidləri, eləcə də ümumi hərbi-strateji vəziyyəti nəzərə alaraq, Silahlı Qüvvələrinin strukturunu formalaşdırır və idarə edir. Bu sahədə iş aparılarkən zəruri hərbi qabiliyyətin yaradılması və saxlanılması, dövlət başçısının nəzarəti altında olmaqla hərbi rəhbərliyin mərkəzləşdirilməsi və vahidliyi kimi müddəalar əsas götürülür. Eyni zamanda qarışıq (könüllü və çağırış üzrə) sistemə uyğun komplektləşdirmə, daim döyüşə və səfərbərliyə hazır vəziyyətin saxlanılması və s. prinsiplər vacib sayılır”.
C.Xəlilov qeyd edib ki, Prezident İlham Əliyevin ölkə lideri kimi hansı iqtisadi-siyasi nailiyyətlərə imza atdığı, Ali Baş Komandan olaraq, ordumuzun döyüş hazırlığını, texniki təchizatını hansı səviyyəyə yüksəltdiyi məlumdur:
“Azərbaycan bu gün iqtisadi gücünə görə bütün Qafqazda lider dövlətə çevrilib. Ordumuz dünyanın 50 ən güclü ordusu siyahısında qərarlaşıb. Vətən Müharibəsində düşmənin 44 gün içində darmadağın edilməsi faktı İ.Əliyevin qurduğu ordunun gücünün ən böyük isbatıdır. Ölkə başçısının siyasi fəaliyyəti əsrlər sonra da öyrəniləcək, təbliğ ediləcək. Ölkə Prezidentinin xalqımız, dövlətçiliyimiz qarşısında ən böyük xidməti şübhəsiz ki, erməni işğalına son qoyması, 8 noyabr zəfəri ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsidir.
Bu böyük qalibiyyət bütün ölkə tarixinin ən parlaq səhifələrindən biridir və tarixə qızıl hərflərlə həkk olunacaq. Vətən müharibəsindəki şanlı qələbə və Ermənistanın kapitulyasiyası həm Azərbaycanın, həm də regionun inkişafı üçün geniş perspektivlər açıb. Doğma Qarabağımızın bərpası ilə bağlı böyük planlar, möhtəşəm layihələr mövcuddur. Artıq bir çoxunun icrasına start verilib. Güclü iqtisadiyyat, ən yüksək tələblərə cavab verən müzəffər ordu, yüksək nizam-intizam bu zəfəri şərtləndirən mühüm amillərdir”.
Polkovnik 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçilərimizi təbrik edir, onlara öz şərəfli vəzifələrində uğurlar arzulayır:
“Onlar əmin olsunlar ki, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar, xalqımıza bəxş etdikləri qələbə şanlı tariximizin ən parlaq səhifələrindən biri kimi daim qürur hissi ilə yad ediləcək və alışlanacaq”.