Azərbaycanlıların yəhudi diasporası ilə həmişə güclü əlaqələri olub
“Azərbaycanın yəhudi diasporası ilə əlaqələri çox dərindir. Yəhudilərlə azərbaycanlılar uzun müddət bir-biri ilə dost və qarşılıqlı anlaşma şəraitində yaşamış, bir-birinə mənəvi dəstək veriblər”. Bu sözləri Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun İsrail səfərini “Şərq”ə şərh edən siyasi analitik, politoloq Turab Rzayev deyib.
Azərbaycan-İsrail münasibətlərinin inkişafına toxunan politoloqun sözlərinə görə, hələ sovetlər dövründə Azərbaycanın mühacirətdə olan ziyalılarının yaşadıqları ayrı-ayrı ölkələrdəki yəhudi diasporaları ilə güclü əlaqələri olub:
“Azərbaycan müstəqilliyini elan etdikdən sonra da suverenliyimizin tanınmasında, yeni iqtisadi-siyasi əlaqələrin qurulmasında, xüsusilə Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər böyük dövlətlərlə əlaqələrin qurulmasında yəhudi diasporlarının çox böyük əməyi olub. Qarabağın işğal faktoru ilə əlaqəli də İsrail rəhbərliyi hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıq bəyan edib. İkinci Qarabağ müharibəsi zamanı da İsrailin Azərbaycana texnoloji-siyasi dəstəyini gördük. İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi zəfər qazanmasında bir çox faktor həlledici əhəmiyyət kəsb edir, bu faktorların arasında İsraildə aldığı müasir silahların istifadəsi və İsrailin Bakıya siyasi dəstəyi də mühüm yer tutur.
Hesab edirəm ki, xaricdəki Azərbaycan diasporası ilə yəhudi lobbisi arasında müəyyən koordinasiyalar qurulmalı və müxtəlif ölkələrdə bir- birinə dəstək nümayiş etdirməlidirlər”.