Şarl Mişel və Rəcəb Tayyib Ərdoğan taxıl məsələsini müzakirə ediblər. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti ilə türkiyəli həmkarı arasındakı danışıqlar Madriddə NATO Sammiti çərçivəsində görüş zamanı baş tutub. Bu barədə Ş.Mişel özünün “Twitter” hesabında qeyd edib. Onun sözlərinə görə, tərəflər Türkiyənin BMT-nin və Baş katib Antonio Quterreşin Ukraynadan taxıl ixracına qarşı blokadanın aradan qaldırılması səylərinə göstərdiyi dəstəyi müzakirə ediblər. Aİ Şurasının rəhbəri Rusiyanın hərbi təcavüzü və suveren dövlətə qarşı işğalının qəbuledilməz olduğunu bildirib.
Taxıl ixracına qarşı embarqonun dayandırılması barədə "Sherg.az"a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Avropa Birliyi, BMT və Türkiyənin iştirakı ilə dəniz yolları blokadasının açılması, Ukraynanın ərzaq məhsullarının ixracatı ətrafında artıq bir neçə həftədir müzakirələr aparılır:
"İnfrastruktur, coğrafi şərait baxımından Türkiyənin məsələlərin həllini reallaşdırmağa böyük imkanları və şansı var. Həmçinin Rusiya ilə də təmaslarının olduğunu nəzərə alsaq, yəqin ki, təşəbbüs yaxın gələcəkdə nəticə verə bilər. Beləliklə, Ukraynanın ərzaq məhsullarının xaricə ixracatının önü açılar. Həm də qısa zamanda bununla bağlı konkret rəqəmlər, yaxud işlərin ortaya çıxması ehtimalı mövcuddur. Amma son məlumatlara görə, Türkiyə Ukraynanın Qara dəniz limanlarından 2 gəmisini çıxara bilib. Rusiya ilə danışıqlardan sonra nail olub. Deməli, Türkiyənin belə bir kanalı var".