İşlər nəticə verir! – “Böyük Britaniyanın Azərbaycanı dəstəkləməsi...”

Böyük Britaniya minatəmizləmə əməliyyatlarına 500 min funt sterlinq ayırıb. Bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” hesabında qeyd edib. O bildirib ki, biz birlikdə regionda sülh üçün çalışmağa davam edirik:
"Böyük Britaniya XİN regionda minatəmizləmə fəaliyyəti üçün əlavə 500 000 funt sterlinq ayrıldığını elan edib. İnanıram ki, bu vəsait Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) mülki əhali arasında riskləri azaltmağa və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək".
                            
Britaniyanın ölkəmizə göstərdiyi diqqəti "Sherg.az"a şərh edən politoloq Həsrət Rüstəmov bildirib ki, elə bir dövlətin Azərbaycanı dəstəkləməsi regionda olduqca mühüm bir hadisədir:

"Həmçinin müharibə dövründə də ölkəmizə həm siyasi sferada, həm informasiya savaşında göstərdiyi səylər göz önündə idi. Hökumət də bu istiqamətdə müəyyən işlər görür. Eyni zamanda diplomatik, qarşılıqlı sahələrdə görülən tədbirlər nəticəsini verməkdədir.

 Bir müxalifət partiyası olaraq, Azərbaycanın neft üzrə əməkdaşlıq etdiyi bir ölkə kimi, rəsmi Londonun ərazi bütövlüyünün bərpası, iqtisadi sahədəki inkişafa təkan verməsini yüksək qiymətləndiririk. O cümlədən, Britaniyanın dövlətimizi beynəlxalq aləmdə informasiya baxımından dəstəkləməsi məsələləri bəyəniləndir. 

Təbii ki, minatəmizləmə əməliyyatları da beynəlxalq hüquqi  prosedurdur. Bu istiqamətdə də bir dövlət kimi Böyük Britaniyanın iştirakı təqdirəlayiqdir".