Ermənistanda Azərbaycan xalqının tarixi-mədəni irsinin dağıdılması, silinməsi prosesinin 1990-cı illərdən geniş vüsət alması hər kəsə məlumdur. Həmçinin həmin zamanlardan depopulyasiya (əhalinin azalması) gedişatının sürətlənməsi, yaşayış məntəqələrinin genişləndirilməsi zərurəti olmayıb. Bütün bunları nəzərə alsaq, Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı vandalizmin məqsədyönlü şəkildə aparıldığı bir daha məlum olur.
Bununla bağlı “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın təqdimatı keçirilib. Araşdırma çərçivəsində İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə yüz il əvvəl başlanmış və hələ də davam edən Azərbaycan irsinin sistemli dağıdılması prosesi, Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatlar əldə olunub. UNESCO-ya edilən çağırışda qeyd olunur ki, İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı prosesi ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə "Sherg.az"a açıqlamasında bildirib ki, ermənilər İrəvan şəhərindəki Təpəbaşı məhəlləsinin simasını tamamilə dəyişdirib:
"Müəyyən tarixi izlər silinib. Ümumiyyətlə, ermənilər hər zaman azərbaycanlılara və türklərə məxsus nə varsa, itirmək, yox etmək uğrunda çalışıblar. Bunun sübutunu Təpəbaşı ilə bağlı milli-mədəni, tarix irsimizin məhv edilməsində aydın şəkildə görürük. UNESCO-ya edilən müraciətin nəticəsini beynəlxalq hüquq işlədiyi halda görə bilərik. İşğal olunmuş ərazilərimizdə vandalizm törədilib. Bütün tarixi memarlıq abidələri, məscidlərimiz darmadağın, şəhərlərimiz yerləyeksan edilib.
Azərbaycan öz haqq səsini çətinliklə dünya ictimaiyyətinə və xalqlarına çatdıra bilib. Beynəlxalq təşkilatlar isə susmaqda davam edir. Dəfələrlə UNESCO-nu işğal edilmiş ərazilərimizə dəvət etmişik ki, vandal hərəkətlərə yol verildiyini görüb, qiymət verilsin.
Eyni zamanda Ermənistanın cəzalanması üçün addımlar atılsın. Əgər öz ərazimizdə bu məsələlərə nail ola bilməmişiksə, tarixən bizim olan İrəvanda Təpəbaşı məhələsini də ermənilərin dağıtdığı, tarixi izlərimizi itirdikləri və digər vəhşi, mədəniyyətsız hərəkətlərinə hər hansı bir hüquqi qiymət verilməsini təşkil edə bilmərik. Özümüzü aldatmayaq. Çünki bu gün beynəlxalq hüquq fəaliyyət göstərmir.
Buna iri dövlətlərin apardığı müharibələrdə, Rusiyanın Ukraynaya hücumunda şahid oluruq.
Həmçinin uzun illərdir, beynəlxalq təşkilatların və beynəlxalq hüququn Azərbaycanın işğala məruz qalmasına göz yummasında da müşahidə edirik. Hesab edirəm ki, Təpəbaşı məhəlləsi ilə bağlı nə qədər haqlı olsaq da, beynəlxaq təşkilatlar ona rəy verməyib, müdafiə etməyib, dəstəyini nümayiş etdirməyəcək".