44 günlük Vətən savaşı Müzəffər Ordumuzun qələbəsi ilə bitsə də, Ermənistan tərəfin təxribatları səngimir. Davamlı olaraq, qarşıdurma yaratmağa çalışırlar. İyulun 7-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görüb. Qarşı tərəf susdurulub.
Hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a bildirib ki, hər bir dövlət kimi Ermənistanın da maraqları var:
"Qarabağ Ermənistan dövləti üçün əsas məsələlərdən biri olduğuna görə, iddialarından asanlıqla əl çəkəcəkləri gözlənilmir. Artıq Qarabağ problemini tamamilə aradan qaldırmaq lazımdır. Doğrudur, Vətən müharibəsindən sonra qəti şəkildə Ermənistan-Rusiya tərəflərinin öhdəliyi ilə Dağlıq Qarabağ qarşıdurması başa çatmış sayıldı.
Amma görürük ki, ermənilər hələ də Qarabağ bölgəsində təxribat törətməkdən çəkinmirlər. Problemin tək həlli artıq Ermənistanın əraziyə təsir imkanlarını sıfırlamaqdır. Ermənistanın atdığı addımlarından dərs götürməsi obyektiv yanaşma tələb edir. Düşmən məkirli niyyətindən əl çəkmək istəmir.
Ermənistan beynəlxalq hüquq normalarına görə, dövlətlərarası münasibətlərdə təcavüzkar, işğalçı ölkədir. Dövlətimiz artıq həlledici addımlar atmalıdır. Yeri gəlsə, yenidən sülhə məcburetmə əməliyyatları da keçirilə bilər. Təbii ki, proses Vətən savaşı qədər genişmiqyaslı olmayacaq. Çünki bölgədə onsuz da Ermənistan hərbi birləşmələrinin gücü əvvəlki qədər deyil. Artıq gördülər ki, ordumuzun önündə dayana bilməzlər.
Sülhə məcburetmə şəklində kiçik bir hərbi miqyasda tədbir görülməli, ya da diplomatik olaraq, düşmənin qarşısına konkret seçim qoyulmalıdır. Nəticədə onların Qarabağ üzərindəki iddialarını, təsirlərini sıfıra endirmək və yekun sülh müqaviləsini imzalatmaq olar.
Beynəlxalq siyasət də buna tam uyğun deyil, amma Rusiya ilə Qərbin Ukraynada bir-biri ilə savaşması, Mərkəzi Asiyada siyasi gərginliklərin yaşanması, Çinin Qərb dövlətlərinə, xüsusən ABŞ-ın başına bəla olaraq, görülməsi, Çinin Afrika, Şərqi Avropa siyasəti kimi məsələlər artıq Qafqazda Azərbaycan və Türkiyənin öz milli maraqlarını qətiyyətli bir dil ilə tələb etməsinə imkan verir".