“...intiharların ardı-arası kəsilməyəcək”
Tanınmış jurnalist Mirşahin Ağayev Feysbuk hesabında qazi intiharı xəbərlərini yayan medianı tənqid edib. Həmkarımız yazır:
Hörmətli media nümayəndələri, xahiş edirəm Qazilərin problemləri ilə bağlı mövzularda son dərəcə ehtiyatlı olasınız! Xüsusilə indi. Emosianallığın açıq nerv vaxtlarında. Başlıqlarda, təqdimatlarda diqqətli olun. Sizin say və layk naminə seçdiyiniz başlıqlar qızğın həyəcan halında təhrikedici səciyyə daşıya bilər. Unutmayın ki, bu yolla, bəzi qazilərin intiharçılığını Siz təşkil edirsiz! Ona görə də suisit edəcəyini bildirən Qazinin çıxışının videosunu çəkmək, sonra da hələ bir ardınca düşərək yanğın aktını sona qədər izləmək, çəkilişi sosial şəbəkələrdə yerləşdirmək əvəzinə Qazini fikrindən daşındırın. Bacarsanız yanğın törədilməsində istifadə oluna biləcək vasitələri əlindən zorla da olsa alın. Unutmayın: baş verə biləcək hər özünüqətldə siz də iştirak edirsiz! İntihar mövzusu çox təhlükəlidir. Burda odla oynamaq olmaz! Odlar Yurdu ifadəsinin bizə qürur verən mənasına layiq olmağa çalışaq, özünə od vuranların ocağını manqal kimi yelləməyək! Dövlətin ən qiymətli Tarix Kitablarıdı Qazilərimiz! Kitablara od vurulmasına yol verməyək! Həlli mümkün olmayan problem yoxdur! Dözüm vaxtıdır! Ləyaqət və mərhəmət vaxtıdır! Hər şey sizin əlinizdədir: Alışqan belə! Belə hadisələrdə sosial şəbəkələrdə-təfəkkürcə hazır və mənən layiq olmadığı sərbəstlik, azadlıq əldə etmiş avantürist boşboğazların, youtube kanallarında özünü televiziya sayaraq alova benzin tökənlərin rolu çox böyükdür. İntihar xəbərlərini paylaşmaqla daha böyük özünüqətl imkanları, müstəvisi yaradırlar. Adamın çıxışını çəkirlər, sonadək izləyirlər, özünü yandırma anınadək!!! Son kadrlarını da yayırlar. Hanı Sabirabadda son kadrları çəkən şəxs? Niyə məsuliyyətdən kənarda qala bilib bu saatadək?!! Qazinin intihar həddinə çatmasımda onun xüsusi rolu var axı! O dialoqdakı müdaxilələri ilə Qazini daha da qızışdırır! Görünür axı kadrda! Yalnız status deyil, şərh yazan şəxslərin də monitorinqi aparılmalı, kimin virtual, kimin real müəllif olduğu aydınlaşdırılmalıdır. Ən sərt və ən obyektiv şəkildə!!! Qazi özünə qaldırdığı əli dərhal saxlamalı, intiharının Dövlət üçün nə qədər ağır zərbə olacağını düşünməlidir. Media intihar xəbərıərini ictimailəşdirməməlidir. Belə məlumata malik olanlar dərhal müvafiq qurumlara müraciət etməlidir. Polisə, təcili yardıma, FHN-ə. Amma heç bir halda mediaya, sosial şəbəkələrə yox! Belə xəbərlər bir qayda olaraq yoluxucu səciyyə daşıyır!Məgər görünmür ki, Qazi-Vətən qarşıdurması yaradılır? Hüquq-mühafizə orqanları, Sizə inanıram!"
“Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı "Sherg.az"a bildirib ki, informasiyanı gizlətməyin tərəfdarı deyil:
"Xəbəri yaymıramsa, jurnalist deyiləm. Minlərlə Vyetnam müharibəsi iştirakçısı Amerika kimi nəhəng bir ölkəyə psixoloji travmalarla qayıtdı. Hətta ABŞ -da bunun öhdəsindən tam gələ bilmədi. Zaman tələb olunurdu. Müharibə iştirakçıları, qazilərimiz üçün reabilitasiya proqramı hazırlanmalıdır. Qeyri-Hökumət Təşkilatları (QHT) bu işə qoşulmalıdırlar. Psixoloji cəhətdən elə etməliyik ki, həmin insanlar özlərini cəmiyyətə lazımlı bir vətəndaş kimi hiss etsinlər. Əgər kimsə yeni peşəyə yiyələnmək istəyirsə, onlar üçün xüsusi təlimlər təşkil olunmalıdır. İxtisaslarını artırmalıdırlar".
E.Şıxlı vurğulayıb ki, Vətən müharibəsi iştirakçılarımız, Qarabağı azad edən qəhrəman övladlarımızın hər birinə diqqət yetirilməlidir:
"Onları mütəmadi şəkildə orta və ali təhsil müəssisələrinə dəvət etmək lazımdır. Görüşlərdə savaş zamanı qarşılaşdıqları mənzərələrsən bəhs etməli, nə üçün cəbhəyə getdiklərini gənclərimizə danışmalıdırlar. Beləliklə, qazilərimiz vətənimizə, cəmiyyətimizə xeyir verdiklərini, gənc nəslin tərbiyəsində rol oynadıqlarını anlayarlar. Bunun özü də onlar üçün psixoloji cəhətdən reabilitasiya metodudur. Nahaq yerə müharibə iştirakçılarının ruhdan düşməyinə imkan verməli deyilik. Onların təminat məsələləri daima nəzarətdə saxlanmalı, proses şəffaf aparılmalıdır. "Həşərat" məmurlar vəzifələrini tam yerinə yetirməsələr, intiharların ardı-arası kəsilməyəcək. Qazilərimiz bizim 30 il həsrətində olduğumuz torpaqları geri qaytarıblar. Cəmiyyət həmin igidlərə minnətdardır".