Prezident İlham Əliyev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəis müavinini yüksək vəzifəyə təyin edib. Dövlət başçısı İlqar Əli oğlu Musayevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Prezident.az məlumat verib. Həmçinin ölkə liderinin növbəti digər sərəncamı ilə, İ.Musayev Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilib.
İnternet-media eksperti Səbuhi Abbasov "Sherg.az"a açıqlamasında bildirib ki, DTX son 2-3 ildə xüsusən İnformasiya-Kommnunikasiya Texnologiyaları (İKT), media siyasəti, informasiya təhlükəsizliyi, müasir çağırışların təhlükəsiz şəkildə tətbiq edilməsi sahələrində çox ciddi addımlar atıb:
"Qurum sırf bu istiqamətlərdə ölkəmizə qarşı həm xaricdən, həm də daxildən gələn təhdidləri axır bir neçə ildə daha peşəkarcasına əngəlləyib. Həmçinin sonradan detallı məlumatlar əldə edəndə başa düşürük ki, təxribatlar baş tutsa idi, ölkəmiz üçün çox ağır fəsad verə bilərdi.
Eyni zamanda 44 günlük Vətən savaşı zamanı erməni diasporu, onun himayə etdiyi bir çox regional təşkilatların Azərbaycanda adıçəkilən sahələrdə ciddi təhdidləri oldu. Məhz DTX-nın doğru fəaliyyət planı, ayıq-sayıqlığı nəticəsində bütün təxribatların baş verməsinə mane olundu.
Qeyd etdiyimiz kimi, Cənab Prezidentin bugünkü təyinatı əslində son üç ildə DTX-da gedən peşəkarlaşma prosesinin məntiqi nəticəsi idi. Həmçinin bütün bunlar orqanın tam müasir, yeni, qlobal, dünya trendlərinə cavabverəcək səviyyədə işini qurmağı bacardığının göstəricisidir. Azərbaycanın milli təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməyin öhtəsindən gəlir. Təyinatın nəticəsini, ölkəmiz üçün faydasını yaxın gələcəkdə görəcəyik. Bu, hələ yekun deyil. Növbəti zamanlarda da müxtəlif istiqamətlərdə ciddi tədbirlər həyata keçiriləcək.
DTX-da aparılan son islahatlar sözün əsl və yaxşı mənasında ciddi rezonans doğurur. Həmçinin bir növ kadr inkubasiyası rolunu oynayır".