Quru Qoşunlarının raket və artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib. Təlimlər 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, baş tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, plana əsasən, atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq, atəş mövqelərini tutublar.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq, sərrast atəşlə məhv edilməsi tapşırıqları icra edilib. Təlimin keçirilməsində əsas məqsəd raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasıdır. Həmçinin döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsidir.
Hərbi təlimlərin keçirilməsi barədə fikirlərini "Sherg.az"a bölüşən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycan ordusunda döyüş hazırlığı tərtib olunmuş plan üzrə həyata keçirilir:
"Hər il olduğu kimi qarşıdakı məqsədlərə nail oluruq. Quru Qoşunlarının raket və artilleriya bölmələrin atəş hazırlığı da böyük proqramın tərkib hissəsidir. Raket və artilleriyanı hər zaman "müharibənin Allahı" adlandırırlar. Əlbəttə, belə bir böyük vəzifəni icra edən Silahlı Qüvvələrin döyüş hazırlığı daim yüksəlməlidir.
Təlimlər orduda hər hansı anti-terror əməliyyatları ilə bağlı təşkil olunmur, müharibə planlaşdırılmır. Bu, normal məqsədlər fonunda aparılan atəşlərdir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri istənilən antiterror əməliyyatı keçirməyə hazırdır. Məhz Vətən müharibəsində raket və artilleriya bölmələrinin qəhrəmanlığı, professionallığı və bacarığının şahidi olduq.
Ordumuz düşməni darmadağın edərək, çox böyük işlər gördü, mənfur erməniləri məhv etməyə nail oldu. Nəticədə xüsusi təyinatlılar kimi digər bölmələrin də irəliləməsinə imkan yaratdı".