Tovuzla sərhəddəki Ermənistan ərazisində yeni Rusiya hərbi baza inşa edir. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilib. Videomaterialda qeyd olunub:
"Ermənistan KİV-də yayılan məlumatlara görə, söhbət hələ SSRİ zamanı YAK-40 təyyarələri üçün uçuş-eniş zolağının yerləşdiyi dövlətə məxsus ərazidən gedir. Yerli sakinlərin sözlərinə görə, tikinti işlərinə rəhbərlik edənlər arasında rusiyalılar da var. Bu isə onu deməyə əsas verir ki, yeni obyekt məhz Rusiya tərəfinin hərbi ehtiyaclarını ödəmək məqsədilə inşa olunur".
AĞ Partiyanın başqan müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında bildirib ki, hələ müharibə gedən zaman Ermənistan-Azərbaycan dövlət sərhədində mütəmadi olaraq, rus hərbi qulluqçularının yerləşdiyi bildirilirdi:
"Bu da Ermənistanın ölkəmizə qarşı hücumlarını ertələmək üçün atdığı addımlar idi. Savaş bitəndən sonra zamanla bu məsələlər ortaya çıxdı. İndi də artıq neçə müddətdir ki, Tovuzla dövlət sərhədindəki Ermənistan ərazisində rus hərbi bazası inşa edilir. Bildiyimiz kimi, İkinci Qarabağ müharibəsi də Tovuz döyüşləri ilə başladı. Azərbaycan tərəfinin davamlı şəkildə Zəngəzur məsələsini qaldırması erməniləri çox narahat edir. Paşinyan bu günlərdə etdiyi çıxışında qeyd etdi ki, rəsmi İrəvan öz dövlət səhədlərini qorumalıdır.
Rusiya tədricən Ermənistanın dövlət sərhədi mühafizəsini ona təhvil verməlidir. İndi də ruslara hərbi obyektlər tikilir. Bu o deməkdir ki, Ermənistan əslində Rusiyanın “qarmağı”ndan çıxmaq istəyir. Paşinyan hər dəfə fərqli çıxışlar edir. Onun atdığı addımlar Rusiyanın regionda güclənməsinin və Azərbaycanın növbəti müharibənin rəsmi İrəvanda, Zəngəzurda keçirilməsinin qarşısının alınması ilə bağlıdır. Amma bütün bunlara rəğmən Azərbaycan heç nədən çəkinməməlidir. Ermənistan silahlı birləşmələri Qarabağdan çıxana qədər Azərbaycan daim mənfur düşməni təzyiq altında saxlamalıdır.
Ümumiyyətlə, Ermənistan dövlət olaraq, artıq Rusiyaya təmənnasız, hərbi, siyasi, iqtisadi baxımdan verilməkdədir. Nəticə artıq gələcəkdə Ermənistanın suverenliyi və müstəqilliyinin itirilməsi ilə sonlana bilər. Bu, onların seçdiyi yoldur. Azərbaycan güclənməkdə davam etməli və anlamalıdır ki, Cənubi Qafqazda artıq Ermənistan Rusiya ilə qarşı-qarşıyadır. Yanımızda Türkiyə kimi güclü bir dövlət var. Nə qədər ki, qardaş ölkə dövlətimizə dəstəkdir, Azərbaycan bu problemləri həll etməlidir. Artıq onu da nəzərə almalıyıq ki, İran da Ermənistan tərəfdən çıxış edir. Eyni zamanda birmənalı şəkildə bildirir ki, rəsmi İrəvanın sərhədləri dəyişdirilə bilməz. Rəsmi Tehranın da bu ritorikasına Azərbaycan məhəl qoymamalıdır. İran sözdə İsraili artıq çoxdan məhv etməli idi. Amma 40 ildir, oraya bir güllə də ata bilməyiblər. Ona görə də Azərbaycan Rusiyanın addımlarını, İranın hədə-qorxularını nəzərə alıb, hərbi-siyasi baxımdan güclü dövlət olaraq, mövcudluğunu davam etdirməlidir. Ərazi bütövlüyünü tam şəkildə təmin etməyi bacarmalıdır".