Yaxşı olar ki, onların hamısı vahid bir pəncərə sistemində birləşdirilsin
“ASAN imza, elektron imza, SİMA nə üçün bu qədər rəqəmsal imza sistemi mövcuddur? Yəni bunları bir vahid pəncərə sistemində birləşdirmək olmazmı? Əlbəttə, olar”. Bu sözləri iqtisadçı-ekspert Rauf Qarayev deyib. Onun sözlərinə görə, vahid bir sistem altında bunları birləşdirmək olar. Bu sistemlərin yaradılması işi asanlaşdırmaq üçündürsə, niyə sayı çoxdur? Az qala hər bir Nazirliyin özünün rəqəmsal innovasiya şöbəsi var:
“Bu şöbələr tək proqram təminatına baxmır, həm də işi yüngülləşdirmək üçün iş funksiyasına uyğun rəqəmsal imza sistemi də yaradırlar. Məsələn, Vergilər Nazirliyinin ASAN imzası var, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin SİMA rəqəmsal imza sistemi. Bu o deməkdir ki, hər bir qurum özünə uyğun rəqəmsal sistem yaradır ki, bunun müxtəlif səbəbləri var.
Hesab edirəm ki, qurumların öz rəqəmsal sistemlərini yaratması o deməkdir ki, bir qurum digər qurumun təhlükəsizliyinə inanmır. Sonda öz sistemini yaradır. Həmçinin ortada biznes məqsədləri var. Bildiyiniz kimi, rəqəmsal imzanı almaq üçün vəsait köçürmək lazımdır. Bununla da fərdi şəxslər, təşkilatlar vəsait köçürməklə digər qurumun balansını doldurur”.