Azərbaycanlı aparıcı gözdən əlil qazini təhqir edib. Tanınmış aparıcı Azər İsmayılov (Zahid) qazilərlə görüşüb, onlara müəyyən məbləğdə pul ianə edib. Lakin gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə pulu verərkən ona, "sən onsuz da saya bilməyəcəksən" deyib.
Aparıcının bu hərəkətini sosial şəbəkə istifadəçiləri sərt şəkildə tənqid edib.
A.Zahid məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, qazini təhqir etməklə bağlı yayılan xəbərlər əsassızdır:
"Videonun çox qısa hissəsini paylaşıblar. Görüntünü 10 gün əvvəl “TikTok” platformasında paylaşmışam. Videonu başqa cür montaj edib, təqdim ediblər. Bu gün bunu yayan “trol” qruplarının səs yazılarını hüquq-mühafizə orqanlarına təqdim edəcəyəm. Haqqımda video da paylaşırlar ki, Azər ölüb, döyüblər və s. Bu haqda da açıqlama verəcəm. Üç qazimizə öz cibimdən 1 600 manat pul verməyim bəzi insanlara xoş gəlmir. Qazi dostumdur. Onun üçün əlimdən gələni edəcəyəm. Bizim o qardaşla şəxsi zarafatımız var".
Daha sonra A.Əliyev A.İsmayılovun ondan üzr istəməli olduğunu vurğulayıb:
“İki gündür telefonlarımız susmur. Hər yerdən zəng edirlər. Azərin həmin sözü dediyini sonradan videoda görmüşəm. Külək idi deyə eşitməmişəm. Aparıcı mənə 1530 manat pul verib. Azər gəlsin, mənə desin ki, bilməmişəm, söz ağzımdan çıxıb. Üzr istəsin və həmin videonu paylaşsın. Camaat da görsün ki, səhvini düzəltdi. Özümə zəng etməyib”.
Amil Əliyev diqqətə çatdırıb ki, onun gözünün müalicəsi mövcuddur. Amma bunun üçün müəyyən vəsait lazımdır:
“Mənim verilişlərə çıxmağıma bir səbəb var. İki ildir evdəyəm. Bilirəm ki, buynuzlu qişa olarsa, gözümün biri görə bilər. Efirə, canlılara çıxmağa nə istəyim, nə marağım yoxdur. Özümü göstərmək fikrində deyiləm”.
AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə açıqlamasında bildirib ki, niyyət önəmlidir:
"Aparıcının qəsdən aşağılamaq, təhqir etmək məqsədi ilə elə bir ifadə işlətdiyini düşünmürəm. Doğrudur, uğursuz, yersiz zarafat etdi. Ona görə də ajiotaj yarandı. Burada əsas məsələ qazilərimizə dövlət qayğısıdır. Diqqət o qədər olmalıdır ki, belə layihələrdə iştirak etmək zərurəti duymasınlar. Şəhid ailələri, qazilər, veteranlar barəsində sosial müdafiəsinin təmin edilməsi, reabilitasiya baxımından qanun layihəsi qəbul olunmalıdır. Adıçəkilən qazi teleaparıcıdan şikayətçidirmi? Xeyr. Azər həmin qazilərə tənqid xarakterli yanaşan insanlardan daha çox yardım edir. Cəmiyyətimizdə kampaniyalaşma var. Sağlamlığını itirən şəxslər niyə hələ də kimlərəsə möhtac olmalıdırlar?! Nəyə görə qazi adına söykənərək, öz yaşayışlarını təmin etmək üçün mübarizə aparmalıdırlar?! İnanmıram, hər hansı qazi ehtiyacı olmadan müxtəlif platformalarda cəmiyyətə hədiyyə, jeton atmaları üçün müraciət etsin".
"Reaksiya TV"nin aparıcısı, politoloq Rusif Məmmədsoy isə bildirib ki, qazi və şəhid ailələrinin qırmızı xəttimiz olduğunu nümayiş etdirə bilmədiyimiz müddətcə belə videolara çox rastlayacağıq:
"Özünü kim hesab edirsən?! Qardaşımız iki gözünü gənc yaşında, Vətən uğrunda verib, gəlib ki, sən birincisi ona pul verəsən, sonra da güləsən?! Ümumiyyətlə, kimsə nəyə görə qaziyə pul verməlidir? Çox qəribə ölkədə yaşayırıq. Qazi adı çox yüksək pillədir. Ölkəmizdə onlara maddi yardım etmək və bunu reklama çevirmək tendensiyası yaranıb. Deyiləsi dərd deyil".