Amerika Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa töhfə vermək istəyir.
Bu barədə ABŞ-ın Dövlət Departamentinin Mətbuat xidmətindən bildirilib.
Həmçinin Dövlət Departamentindən vurğulanıb ki,Cənubi Qafqazda regional nəqliyyat əlaqələrinin yaxşılaşdırılması regional iqtisadi artım perspektivlərinə müsbət təsir göstərə və Ermənistanla Azərbaycan arasında hərtərəfli sülhə şərait yarada bilərik.
Xatırladaq ki, iyulun 25-də ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı E.Blinken qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır. Dövlət katibi həmçinin ABŞ-ın Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələri və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstək verməyə hazır olduğunu bildirib.
Amerikanın Rusiya arxasında gücə çevrilmək üçün iddialarının artdığını deyən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a söyləyib ki, bölgədə Moskva –Vaşinqton hərbi toqquşmasına səbəb ola biləcək proseslərdən boyun qaçırmalıyıq:
"Amerikanın rəsmi siyasəti anti-Rusiya üzərində qurulub. Ağ Ev Ukrayna müharibəsi gedişində Rusiyanın maraq dairəsində olan bütün bölgələrdə əlavə cəbhələrin yaradılmasında maraqlıdır. Həmçinin Qafqaz da, bunların sırasına daxildir. Lakin ABŞ və Böyük Britanyanın regionda 1990-cı illərdən həyata keçirdiyi enerji siyasəti də dinamik olubdur. Xüsusilə neft, qaz sazişlərini və nəqliyyat məsələlərini qeyd etmək lazımdır. İndi bu məsələlər yenidən gündəmə gəlir.
Ümumiyyətlə, isə Ağ ev Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına çox maraqlıdır. ABŞ Azərbaycanın iqtisadi müttəfiqidir. Bununla yanaşı, Ermənistanın indiki hakimiyyətinin kökü də Amerikadakı erməni lobbisidir. Ağ Evin hər iki ölkəyə münasibəti həmin prinsiplərə əsaslanır.
Sual yaranır ki, rəsmi Vaşiqtonun proseslərə qarışması Rusiyanın varlığı fonunda mümkün olacaqmı? Kremlin müharibədə hələ də, davam gətirməsi, bütün Qərbin onunla savaşı və bunun nəticəsində dünyanın ağır böhrana düçar olması onu göstərir ki, proses Rusiya tərəfindən ciddi əks mövqe yaradacaq. Buna görə də, rəsmi Moskvanın istənilən addımları atmağı mümkündür".