Kommunal xidmətlərin vahid informasiya sisteminin yaradılması müsbət addımdır
"Azəriqaz", "Azərişıq" və "Azərsu" vahid elektron platformada birləşdiriləcək.
Prezident İlham Əliyev bir neçə gün öncə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiq edib.
Sənəddə qeyd olunan dövrdə müxtəlif istiqamətlərdə çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Onlardan biri də "kommunal xidmətlərin vahid informasiya sistemi"nin yaradılmasıdır. Bu sistem kommunal sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edir. İstehlakçıların bütün kommunal xidmətlər üzrə onlara aid məlumatları vahid şəxsi kabinet üzərindən idarə etmələrinə imkan yaradır. Adı çəkilən Strategiyaya görə bu sistem 2022-2023-də başa çatdırılmalıdır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, uzun müddətdən bəri gözlənilən, müzakirəsi aparılan layihənin nəhayət ki, gerçəkləşmək üzrə olması təqdirəlayiq haldır: “Bundan xeyli öncə qəbul edilən bir çox sənədlərdə də ASAN-a tapşırılmışdı ki, adı çəkilən sistemi formalaşdırsın.
Lakin müxtəlif səbəblərdən, istisna etmirəm ki, həm də müəyyən maraqlı tərəflərin müqaviməti ucbatından, oflayn formada “ASAN Kommunal” yaratmaq mümkün olsa da, vahid elektron platformanı reallaşdırmaq indiyədək mümkün olmayıb”.
Kommunal xidmətlərin vahid informasiya sisteminin əhəmiyyətinə toxunan O.Gündüz deyib ki, vətəndaşlar bir şəxsi kabinet vasitəsilə onlayn olaraq sistemdə bütün kommunal xidmətlər üzrə məlumatlarına nəzarət edir, hər ay üzrə sərfiyyatı izləyir, sayğacdakı məlumatla müqayisə edir:
"Sistem ancaq ağıllı sayğacların tətbiqini nəzərdə tutur. Ağıllı sayğacda isə nəzarətçilərə ehtiyac olmur, sayğac məlumatları özü oxuyur, özü mərkəzə ötürür. Məlumatın ötürülməsi müxtəlif şəbəkələr, mobil şəbəkə və ya internet üzərindən ola bilər. Ötürülmüş məlumatlar əsasında vahid prinsiplər üzrə billing sistemində sərfiyyat üzrə avtomatik hesablamalar aparılır və vahid mərkəzə ötürülür.
Hər üç kommunal xidmətin (işıq, su və qaz sərfiyyatı ilə bağlı) məlumatları vahid bir mərkəzə yönəlir, burada vətəndaşın şəxsi kabineti formalaşır.
Ağıllı sayğaclar şəbəkədə, sistemdə baş verən nasazlıqlar haqqında məlumatları da qeyd edə və ötürə bilir. Tarif dəyişikliyi avtomatik olaraq həyata keçirilir. Hansı ki əvvəllər kommunal qurumlardan biri bu məqsədlə "WhatsApp"la sayğacların fotosunu tələb edirdi”.
Ekspert deyib ki, xidmətin verilməsi ilə bağlı distant formada məhdudiyyətlər tətbiq etmək mümkündür. Xidmətin verilməsində dayanma olarsa dərhal məlumat ötürülür.
Qeyri-qanuni müdaxiləyə dərhal reaksiya verə bilir və s: “Ümid edirəm ki, "Azəriqaz", "Azərişıq" və "Azərsu" qurumlarını vahid elektron platformada birləşdirməyə cavabdeh olan ASAN və Energetika Nazirliyi qeyd olunan müddətdə layihəni başa çatdıra biləcəklər. Formalaşan elektron platforma üzərində, məlumatların toplanması və emalı üzərində, billing sistemləri üzərində, sayğac və xidmətin keyfiyyətinin ölçülməsi üzərində ictimai nəzarət imkanları da yaradılacaq.
Yeri gəlmişkən, Strategiyadan görmək olur ki, ölkədə rəqəmsal transformasiya ilə bağlı indiyədək icrası mümkün olmayan bir çox digər layihələrin reallaşması, uzun illər bu sektorla bağlı qəbulu mümkün olmayan qanunların və konsepsiyaların təsdiqlənməsi də adıçəkilən sənəddə nəzərdə tutulub. Düşünürəm ki, Strategiyada müxtəlif istiqamətlərdə rəqəmsal transformasiyaya önəm verilməsi, bütün istiqamətlərdə rəqəmsal və innovativ tədbirlərin nəzərdə tutulması kifayət qədər əhəmiyyətlidir”.
Göründüyü kimi, texnologiyaların inkişafı bütün sahələrdə olduğu kimi, kommunal təchizat sahəsində də yeni imkanlar yaradır, bu sahələrdəki idarəetmənin effektivliyini artırır, itkiləri azaldır, operativliyi çoxaldır. Azərbaycan əhalisinin vacib kommunal xidmətlərlə fasiləsiz və keyfiyyətli təminatı üçün müasir texnologiyalardan istifadə edilməsinə çalışılır. Bunun nəticəsində tezliklə bu sahədəki problemlərin tam aradan qalxacağına şübhə qalmır.