2001-ci ildən başlayaraq, avqustun 1-i ölkədə Azərbaycan əlifbası günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu öndər Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq, imzalayıb.
Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə 1 avqust 1990-cı il tarixdə Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilib.
Afad Qurbanov latın qrafikası əsasında yeni müstəqil əlifbamızın layihəsini Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla hazırlayıb. Komissiyanın müzakirəsinə verib. Sonradan televiziya və mətbuat vasitəsi ilə müasir əlifbamızın layihəsi ictimaiyyətə çatdırılıb, geniş müzakirə olunaraq 1992-ci ildə qəbul olunub. Bu gün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olub.
Həmçinin XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifbanın böyük mütəfəkkir M.F.Axundovun ideyası əsasında yaradıldığını da unutmaq olmaz. Eyni zamanda hazırda işlətdiyimiz latın qrafikalı Azərbaycan əlifbası Afad Qurbanovun adı ilə bağlıdır.
Dilçi alim, filologiya elmləri doktoru, professor Adil Babayev “Sherg.az”a bildirib ki, bugünkü tarix bizim üçün müqəddəsdir:
"Ömər Faiq Nemanzadə deyib:
“Ana dili millətin tək nişanıdır”. Atatürk “Türkcəni bilməyənin türkəm deməyə ixtiyarı yoxdur”- söyləyib. Ulu öndər Heydər Əliyev də diqqətə çatdırıb ki, hər bir millət öz ana dili ilə yaranır. Dilini unudan yavaş-yavaş öz milliliyini də yaddan çıxarar. Sovet hakimiyyəti illərində bizə dilimizi unutdurmaq istəyirdilər.
Bakıda heç bir idarədə Azərbaycan dili işlənilmirdi. Sovet hökumətinin məqsədi dinimizi, dilimizi, milli varlıq və mənəviyatımızı, hətta ad, soyadımızı sıxışdırmaq idi. Əslində avqustun 1-i tədris yoxdur. Hamı məzuniyyətdədir. Amma bir neçə dəfə bununla bağlı məsələ qaldırmaq istəyiblər. Lakin müqəddəs hesab olunan fərmanı dəyişdirməyə cəsarət etməyiblər. Bildiyimiz kimi, prezident İlham Əliyev 2013-cü ildə yenidən fərman verdi. Dövlət Dil Komissiyanın tərkibini yeniləndi.
Çünki Komissiyanın bir sıra üzvləri rəhmətə getdi. İkinci dəfə komisiyanın üzvü kimi qəbul olunmuşam. Bizi düşündürən məsələ ana dilinə əhəmiyyət, qiymət verilməməsidir. Məsələn, Azərbaycan televiziyalarında əvvəllər dilimiz haqqında verilişlər gedirdi, hətta layihəni də təşkil etməyə hazırlaşırdım. Amma qoymadılar. Azərbaycanda 300 rus məktəbi var. Rus məktəbinin dili ilə yanaşı proqramı da fərqlidir.
Onlar ruslara məxsus milli mənəviyyatı, mədəniyyəti, tarixi öyrənir. İndi də ingilis dilli məktəblərin sayı artır. Sanki "yuxarıdan" gələn sifariş belədir. Bütün bunlar gələcəyimiz, millətimiz, dilimizə təhdidedici bir xəbərdir. Azərbaycan dili haqqında verilişlər, məruzələr, müharizələr təşkil olunmalıdır".