Elan saytları vətəndaşların mədəni şəkildə vəsaitlərini oğurlayır
Son zamanlar vətəndaşlara qarşı onlayn dələduzluq faktlarına tez-tez rast gəlinir. Növbəti dələduzluq nümunəsi elan saytlarıdır. Bu oğurluğu kiber dələduzluğun yeni dalğası adlandıran İT məsələləri üzrə ekspert Fərid Pərdəşünas insanları diqqətli olmağa çağırıb.
Son günlər bu məsələnin ciddi problemə çevrildiyini vurğulayan ekspert qeyd edib ki, zərərçəkənlər 2500, 5000 AZN itiriblər. Dələduzluğun yenə də mənbəyi elan saytlarıdır. Amma metod bu dəfə fərqlidir:
“Satışa qoyulan əşyalara xarici nömrələrdən alış üçün mesajlar gəlir. Lakin bu dəfə dələduzlar ənənəvi olaraq kart məlumatı istəmirlər. Satışa qoyduğunuz məhsulu almaq üçün sizdən şəxsiyyət vəsiqənizi istəyirlər ki, guya, real adam olduğunuzu yoxlasınlar. Siz onlara vəsiqənizin şəklini göndərəndə, FIN kodunuz vasitəsilə bir-bir mobil bankların tətbiqlərində şifrə bərba əməliyyatları edib, müştərisi olduğunuz bankı tapırlar. Daha sonra sizi manipulyasiya edib, guya, ödəmə etmək üçün nömrəyə gələn kodu istəyirlər. Zərərçəkmişlər heç bir bank məlumatı vermədiyini düşünürək, rahatlıqla həmin kodu qarşı tərəfə deyirlər.
Beləcə, bank tətbiqi dələduzun əlinə keçir və dələduz hesablarınızın hamısına giriş edərək "card to card" əməliyyatlara başlayır”.
Ekspertin fikrincə, kiber dələduzlardan qorunmaq üçün vətəndaşlar şəxsi məlumatlarını tanımadıqları adamlarla bölüşməsin: “Kiberdələduzluğun yeni metodu ilə bağlı xəbərdarlığımdan sonra dəhşətli mesajlar alıram. İnsanlar 3000-5000 manat həcmində vəsaitləri elan saytlarında itiriblər.
Son yazan 3 zərərçəkənin itirdiyi məbləğin cəmi 12 min manatdan çoxdur. Ölkə xaricindən edilən bu dələduzluqlar böyük bir mafiya və dələduz qruplaşması tərəfindən idarə olunur. Çox təəssüflə bildirirəm ki, bu itən pulları 99 faiz hallarda geri qaytarmaq mümkün deyil. Bu və ya digər kiber hücum növü ilə rastlaşmısınızsa, mütləq mənə bildirin”.
Onun sözlərinə görə, elan saytlarında kiber hücum qurbanı olmamaq üçün 4 qayda var:
“Görmədiyiniz adama məhsul satmayın. "WhatsApp" və zəng ilə sizinlə əlaqəyə keçənlərə kart məlumatlarınızı verməyin. Alıcıya şəxsiyyət vəsiqənizi göndərməyin. 3D təhlükəsizlik kodunu qardaşınız da olsa ona göstərməyin. Bu kod yalnız və yalnız kart sahibi üçün olur”.