“Qısa zamanda populyarlıq əldə etmək, səhifələrini məşhurlaşdırmaq məqsədilə dezinformasiyalara əl atırlar”
Son vaxtlar sosial şəbəkələrdə hərbi sirlə bağlı yayılan informasiyaların sayı artıb. Vətən savaşı və təlimlər zamanı ordumuzun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər sosial platformalarda əks olunur. Dezinformasiyaların paylaşılması əhali arasında təşviş yaradır. İnsanlar yenidən müharibənin başladığını hesab edib, narahatlıq hissi keçirirlər.
Çünki savaş, döyüş vətəndaşların həssas yeridir. Müharibədən qələbə ilə ayrılsaq da, informasiya sahəsində savaş hələ də davam edir. Belə məqamlarda diqqətli olmalı, yalnız rəsmi informasiyalara inanmalıyıq. Müdafiə Nazirliyi (MN)də ötən gün sosial şəbəkə istifadəçilərini və əhalini köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırıb. Bu gün isə “TikTok”da canlı yayım açan hərbçilər ordu sıralarından xaric edilib. Müdafiə Nazirliyi rəhbərliyin müvafiq əmr və sərəncamlarına zidd olaraq, xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri, xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmalarını aşkar edib.
İnternet-media eksperti Səbuhi Abbasov "Sherg.az"a bildirib ki, Azərbaycan demokratik və informasiya, söz, mətbuat azadlığını ən yüksək səviyyədə təmin edən dövlətlərdən biridir:
"Lakin ölkəmizdə internet və informasiya təhlükəsizliyini qismən məhdudlaşdıran bir sıra məqamlar var. Onlardan biri də hərbi sirlərin qorunması ilə bağlıdır. Azərbaycan 44 günlük savaş tarixi yazıb.
İkinci Qarabağ müharibəsi ordumuzun qələbəsi ilə bitsə də, informasiya məkanında döyüş davam edir.
Eyni zamanda erməni təxribatçıları mütəmadi olaraq, işğaldan azad edilən zonalarda müxtəlif provokasiyalar törətməyə cəhd göstərirlər.
Baxmayaraq ki, rus sülhməramlıları müvəqqəti həmin ərazilərə yerləşdirilib, amma prosesləri nizamlamırlar.
Azərbaycan hökuməti hər zaman bəyan edir ki, hərbi sirlərin paylaşılmasına birbaşa təşviq edən, eyni zamanda milli maraqlarımızı tapdalayan, dövlətçiliyə zərbə vuran, sütunlarımızı zədələyə biləcək informasiyaların yayılması qadağandır. Bu, dünyanın bütün ölkələrində belədir.
Təəssüf ki, bəzi bloqerlər, tiktokerlər, vloqerlər həm ucuz İP dalınca qaçmaq, həm də qısa zamanda populyarlıq əldə etmək, səhifələrini məşhurlaşdırmaq məqsədilə dezinformasiyalara əl atırlar.
Nə qədər acı olsa da, qeyd etməliyik ki, bəzi anti- Azərbaycan qüvvələrinə işləyən "həmyerlilərimiz" daxili auditoriyada, cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdürlər.
Hər bir halda niyyətdən asılı olmayaraq, informasiyaların rəmiləşdirilməmiş, təsdiqlənməmiş yayılması, qeyri-dəqiq hərbi əməliyyatlarla bağlı məlumatların verilməsi birmənalı şəkildə cinayətdir.
Xüsusən sosial şəbəkələrdəki paylaşılan xəbərlərin kökünə baxdıqda, təxminən 50-60 faiz insanın maarifləndirilmədiyi ortaya çıxır.
Aydındır ki, sosial platforma istifadəçilərinin hər biri media işçisi deyil. Bu sahədə ciddi boşluqlar var. Hesab edirəm ki, Müdafiə Nazirliyi bütün televiziya və media qurumları ilə əməkdaşlıq çərçivəsində bir sıra addımlar atmalıdır.
Hər gün müxtəlif televiziya, radio, onlayn media subyetklərində maarifləndirici, bilgiləndirici, təsiredici məlumatlar, videoçarxlar yaradılıb, paylaşılmalıdır.
Bundan başqa, mobil operatorlarla birgə fəaliyyət göstərməlidirlər. Mobil abunəçilərə bununla bağlı davamlı sms-lər göndərilməlidir. Hüquqi məsuliyyət yaradan məqamlar həmin mesajlar vasitəsilə bütün vətəndaşlarımıza çatdırılmalıdır.
Bundan başqa, prosesə böyük auditoriyaya malik olan bloqerlər, veb-sayt resursları cəlb edilməlidirlər. Həmçinin MN sürəkli rəsmi məlumatlarla cəmiyyətin informasiyaya olan tələbatını ödəməlidir".