Avqustun 4-ü Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Azərbaycan bayrağını endiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.
Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb. Daha sonra ölkəmizin London səfirliyində bayrağımız yenidən bərpa edilib. London polisinin verdiyi xəbərə görə, hadisə ilə bağlı 8 nəfər saxlanılıb.
Siyasi analitik Turab Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, bu dəstə əsasən, Küveyt, ərəb şiələrindən ibarətdir:
"Küveytdə azlıq təşkil edən şiələr ölkənin özündə də qadağan olunub. Daha sonra özlərinə iranlı Ayətullah Məkarim Şirazini rəhbər olaraq, gördülər. İran hökumətinə müxalifdirlər. Sırf bu səbəbdən rəsmi Tehranda da çox müsbət qarşılanmayan bir qrupdur. Hətta orada həmin qüvvələrə adətən London şiələri deyirlər. Çünki əsl mərkəzləri Böyük Britaniyadadır. İngiltərədə ticarət mərkəzləri, market, digər biznes şəbəkələri və "Fədək" adlı telekanalları var. Bundan əvvəl İran səfirliyinə eyni formada etiraz aksiyası keçiriblər. Bayrağını endiriblər. İndi də Azərbaycanın dövlət rəmzinə qarşı hörmətsizlik ediblər. Bu dəstə şimal qonşuluğumuzun özündə də çoxdur. Ən azından rəsmi səviyyədə xoş münasibət bəslənilməyən bir qrupdur. Həmin qüvvə daha çox Londonda dəstəklənir. Britaniya kəşfiyyatının hadisədən xəbəri olmaya bilməzdi. Nəyə görə, bununla bağlı bir tədbir görməyib və ya Azərbaycan tərəfini məlumatlandırmayıb?!"
T.Rzayevin qənaətincə, hücumun qarşını almaq və ya xəbərdarlıq etmək mümkün idi:
"Digər tərəfdən təşkilatın rəhbəri deyilənə görə, Ayətullah Məkarim Şirazinin qohumu ilə evlidir. Dəstənin İranla da əlaqələri araşdırılmalıdır. İndiki rejimə, Ayətullah Xomeyniyə müxalif görünsələr də, Şirazi ilə qohumluq əlaqəsi olsa da, fars millətçilərinin burada bir rolu mövcuddurmu? Bu da təhlil edilməlidir. Çünki rəsmi olaraq, həmin qrup Azərbyacanda şiə hüquqlarının pozulmasını səsləndirir. Həmçinin azərbaycanlı bir qadın divarlara "Ya Hüseyn" yazıb, yenidən pozub, yazmaqla bağlı bir çıxış edib. Həmin insanın şəklini də səfirliyə vurdular. Əsas diqqət çəkən məqam odur ki, Azərbaycan səfirliyi niyə bu qədər müdafiəsiz qalıb? Deyək ki, mühafizəçi çoxluq qarşısında tab gətirmədi, niyə səfirlikdə ən azından ölkə bayrağının təhlükəsizliyi təmin olunmayıb?! Bu məsələlər üzərində çox dayanılmalıdır. Məsul şəxslər mütləq cavab verməlidirlər".