Dünən Azərbaycanın bir sıra dövlət qurumu və banklara qarşı genişmiqyaslı kiberhücumlar olub. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib. Qeyd edək ki, ötən həftə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) Azərbaycanın elektron informasiya ehtiyatlarına qarşı genişmiqyaslı kiberhücumların gözlənildiyi barədə xəbərdarlıq yaymışdı. Hadisənin erməni kiberqüvvələri tərəfindən Qisas antiterror əməliyyatlarına cavab olaraq törədildiyi bildirilir.
Kiber hücumlardan qorunmaq üçün dövlət qurumlarının keyfiyətli platformalardan istifadə etməli olduğunu deyən internet-media eksperti Səbuhi Abbasov "Sherg.az"a bildirib ki, texnologiya sahəsində boşluqları aradan qaldırmaq üçün beyin mərkəzinin yaradılması zəruridir:
"Qeyd edim ki, Azərbaycanda kiber hücumlara zaman zaman rast gəlirik. Xüsusən də İnformasiya- Kommunikasiya Texnologiyalarının inkişaf etməsi bu hücumların artmasına şərait yaradır. Biz ölkədə post- müharibə dövründən əvvəl və post- müharibə zamanı ən böyük kiber hücumların şahidi olduq.
Bu vəziyyətdə dövlət qurumları, özəl qurumlar və informasiya resursları ciddi şəkildə zədələnməyə başladı. Bu, beynəlxalq normalara riayət etməyən düşməndən gözlədiyimiz addım idi. Əgər dövlət və özəl qurumlar öz fəaliyyətlərini qorumaq niyyətindədirlərsə, mütləq şəkildə keyfiyyətli platformalardan istifadə etməlidirlər. Bəzən müəyyən saytların yaradılması zamanı hazır şablonlardan istifadə edilir. Bununla da, həmin sayt kiber terrorçular üçün asan hədəfə çevrilir.
Düşünürəm ki, dövlət qurumları və özəl qurumlar peşakar proqramçılardan və kodlaşdırmadan istifadə etməlidir. Digər tərəfdən isə belə halların qarşısını almaq üçün beynəlxalq təcrübədən istifadə etmək olar. Lakin bütövlükdə vəziyyət onu göstərir ki, hücumların qarşısının alınmasında birinci rol həmin dövlətin adiyyəti qurumunun üzərinə düşür. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəyyən işlər aparsa da, təəssüflə qeyd etmək lazımdır ki, çox ciddi problemlər və boşluqlar var. Bu boşluqların həlli mexanizması üçün ciddi tədbirlər görülmür".
Ekspert qeyd edib ki, nə qədər gec deyil bu boşluqları aradan qaldırmaq üçün beyin mərkəzi yaradılmalıdır:
"Bu beyin mərkəzi peşakar proqramçılardan və İKT üzrə ixtisaslaşmış şəxslərdən ibarət olmalıdır. Bu beyin mərkəzi dünyada gedən tendensiyaları, kiber hücumları izləməli və onun təhlilini apararaq qarşısını almağın yollarını axtarmalıdır. Dövlət qurumları və özəl qurumları da bu mərkəzin fəaliyyətindən istifadə etməlidir. Azərbaycanda belə bir mərkəzin olmaması çox ciddi problemlərə yol aça bilər.
Bu vəziyyətdən qurtulmaq üçün Çin, Yaponiya, Türkiyə, Amerika kimi nəhəng ölkələrin təcrübəsini sınaqdan keçirərək, onun ən uyğun versiyasını yerli şəraitə uyğunlaşdırmaq lazımdır".