Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransında çıxış edib. O bildirib ki, Qurban bayramında Ermənistan baş naziri Nikol Paşinyanla çox konstruktiv telefon danışığı aparıblar. Həmçinin Türkiyə rəhbəri bəyan edib ki, Ermənistan prosesləri doğru oxuyaraq Azərbaycan və Türkiyənin səmimi çağırışlarına qarşılıq verməlidir:
“Bu olarsa, bölgəmizin qısa müddət ərzində sabitliyə qovuşacağına inanıram. Biz bu tarixi fürsətin əldən çıxmaması üçün çalışırıq. Bu günədək Azərbaycanla birgə bir çox addım atmışıq. Radikal erməni çevrələrinin sabotajına rəğmən, Qafqazda daimi sülh yolunda önəmli məsafə qət etmişik”.
Eyni konfransda iştirak edən ATƏT-in baş katibi Helqa Şmitin sözlərinə görə, Türkiyənin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə töhfələri və maraqlı tərəflərlə işləməsi ATƏT üçün çox önəmlidir:
“ATƏT-in baş katibi bəyan edib ki, dialoq və vasitəçilik diplomatiyanın ən mühüm elementləridir və ATƏT-in bu sahədə Türkiyənin dəstəyinə ehtiyacı var.Türkiyə diplomatiyası dünyanın ən peşəkar diplomatik missiyalarından biridir. Türkiyə Avropa ilə Asiya arasında körpü rolunu oynayır”.
Türkiyənin Ermənistanla Qərb arasında körpü olduğunu deyən siyasi analitik Turab Rzayev "Sherg.az"a bildirib ki əsas məqsədimiz Ermənistanın Rusiyadan uzaqlaşmağı olmalıdır:
"Ermənistan Rusiyanın forpostudur. Ermənistanda Rusiyanın iki hərbi bazası var. Bu ölkənin hava sahəsini və sərhədlərini Rusiya qoruyur. Belə vəziyyətdə Nikol Paşinyan Rusiyanın caynağından qurtulub qərblə tərəfdaşlığa getmək istəyir. Bunun üçün isə Türkiyədən başqa heç bir alternativ yoxdur. Türkiyə həm fiziki sərhəd kimi həm də NATO-nun bir üzvü kimi Ermənistanın Rusiyadan qaçışı üçün yeganə yoldur. Ermənistan Azərbaycanla müharibə şəraitində olduğu üçün rəsmi Ankara onlara bu şansı vermirdi. İndiki vəziyyətdə Paşinyan hakimiyyəti səhvini başa düşüb. Onlar həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri yumşaltmaq istəyir. Bu vəziyyətdə Paşinyan hakimiyyətini yıxaraq yerinə revanşist və müharibə istəyən “Qarabağ klanı”nın hakimiyyətə gəlməsinə şərait yaratmamalıyıq. Əsas məqsədimiz Ermənistanda Qərb dəyərlərinə uyğun demokratik bir hökümətin formalaşması olmalıdır."
Ekspert qeyd edib ki, digər əsas məsələ isə “Rəsmi İrəvan Türkiyənin bu çağırışına cavab verəcəkmi?”sualının cavabıdır:
"Ermənistan hakimiyyəti rəsmi Bakının və Türkiyənin sülh çağırışına artıq cavab verib. Buna sübut kimi Ermənistanın Təhlükəsizlik Şurasının bəyanatını göstərmək olar. Onlar dedilər ki, biz Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik müdafiəçisi deyilik. Bu açıq şəkildə Qarabağ erməniləri bizdən əl çəksin deməkdir. Bu çağırış Türkiyə və Azərbaycanda müsbət qarşılandı. Hazırkı Ermənistan hakimiyyəti Arayiki və tayfasını ölkəyə buraxmır. Sərhəddi Laçında bağlayaraq onlar ölkəyə gələn kimi ya həbs, ya da deportasiya edir. Bu vəziyyətdə biz də, Türkiyənin və Brüsselin vasitəçiliyi ilə Ermənistanla olan münasibətləri normallaşdırmalıyıq. Sərhədlərin delmitasiyasından sonra Ermənistanla problemimiz qalmayacaq və o bizim əməkdaşlıq edəcəyimiz ölkədir.
Biz əsas diqqəti Qarabağa yönəltməliyik. Bütün bunlardan sonra Qarabağ erməniləri və oradakı şovinist tör-töküntülər bizim daxili məsələmizə çevriləcək. Bu, Azərbaycan və Türkiyə üçün uyğun perspektivdir".