Prezident İlham Əliyev Orxan Çingiz oğlu Mürsəlovun Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Qeyd edək ki, O.Mürsəlov bu vəzifəyə təyin olunanadək Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb. O, bu vəzifədə ikən administrasiyada qərb bölgəsinin kuratoru kimi mütəmadi olaraq Samux, Ağstafa, Qazax, Gədəbəy və digər rayonlardakı tədbirlərdə iştirak edib.
Prezident İlham Əliyevin son zamanlarda gənc kadrları vəzifəyə təyin etməsi xalqın etimadını itirən icra orqanları bu güvəni yenidən bərpa edə biləcəkmi sualı doğurur.
Ölkə başçısının apardığı islahatların effektiv olduğunu deyən Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni "Sherg.az"a bildirib ki, təyin olunan gənc kadrlar ölkə başçısının etimadını doğruldacaqlar:
"Prezident tərəfindən aparılan hərtərəfli islahatlar getdikcə daha yaxşı effekt verir və verəcək. Təbii ki, onların arasında çıxdaş olunanlar və etimadı doğrultmayanlar da olacaq. Lakin geniş spektrdan baxanda islahatların uğurla davam etdiyini müşahidə edirik.
Xüsusilə də, gənc kadrların idarəetməyə gətirilməsi və onların icra başçısı təyin olunması olduqca müsbət haldır. Mən də, öz növbəmdə Orxan Mürsəlovu Gədəbəy Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi münasibətilə təbrik edirəm və ona uğurlar arzulayıram.
Xüsusilə son dövrlərdə təyin olunan kadrlar rayonlarda parlaq işlər həyata keçirirlər. İslahatlar daha geniş şəkildə davam edir. Etimadı doğrultmayanlar isə öz vəzifələri ilə sağollaşacaqlar.
Prezidentin “Şəffaf işləyin, xalqa xidmət edin, xalqın içində olun” tapşırığını yerinə yetirən vicdanlı kadrların daha çox vəzifəyə gətiriləcəyini düşünürəm".