Son zamanlar sosial media şəbəkələrində çirkli informasiyaların, feyk xəbərlərin, şantaj və böhtanların yayılması geniş müzakirə mövzusuna çevrilib. Hər kəs bu vəziyyətdən narahatdır. Amma nə etməli? İctimaiyyət və media nümayəndələri, dövlətin rəsmi strukturları belə vəziyyətin qarşısını almaq üçün hansı tədbirlər görməlidir. Bəs, bu yalan xəbərlərin arxasında nə dayanır?
Yalan məlumatların, feyk xəbərlərin yaranma səbəbini "Şərq"ə dəyərləndirən "Qaynarinfo.az" saytının baş redaktoru Zahir Əzəmət bildirib ki, dezinformasiya doğru xəbərin yoxluğundan yaranır: "Bunun bir neçə səbəbləri ola bilər. Ümumi nəzəri olaq biz medianın peşəkarlıq səviyyəsinin artırılmasından söz aça bilərik.
Amma mən daha çox ilkin səbəbi dövlət qurumlarının və informasiya mənbələrinin məlumatları mediadan gizlətməsində görürəm. İnformasiya mənbələri mediaya nə qədər açıq olarsa, dezinformasiyalar da o qədər az olar.
Yaxud da doğru xəbəri mediaya sızdırmaqla yalan məlumatların qarşısını ala bilərik. Digər tərəfdən baxdıqda əvvəlki illər deyil ki, media fərqli qrupların əlində vasitəyə çevrilsin və onlar bir-biri ilə müharibə aparsınlar. Bu səpkidə də dezinformasiyalar yaransın. Çirkli informasiyanın yaranmasının ikinci səbəbi isə media savadlılığının artırılmasıdır ki, bu da ciddi məsələdir".