Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işində dəqiqləşdirmə...

Pənah Hüseyn:“İlk dəfə 1992-ci ildə Azərbaycan-Rusiya arasında sərhəd nişanı qoyulub. O dövrdən bəri dövlətin ərazi xətləri məlumdur”

Cümşüd Nuriyev:“Coğrafi koordinatlar yer üzərinə köçürülür. İşlər yəqin ki, yaxın zamanda tamamlanacaq. İki ölkə arasında bundan başqa bir problem yoxdur”


Dövlət Sərhəd Xidmətinin (DSX) 103 illiyinə həsr olunan hesabat tədbiri keçirilib. DSX-nin rəis müavini general-leytenant Abbas Xəlilov bildirib ki, Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdirilib:186 ədəd sərhəd nişanı quraşdırılıb. Onlardan 142-si əsas, 44-ü köməkçidir".

 Bu barədə "Sherg.az"a danışan sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, ilk dəfə 1992-ci ildə Azərbaycan-Rusiya arasında sərhəd nişanı qoyulub:

"O dövrdən bəri dövlətin ərazi xətləri məlumdur. Əslində bu məsələ başa çatıb. Hər halda sonuncu, dəqiqləşdirmə prosesləri aparılır. Ümumiyyətlə, demarkasiya işləri uzun müddət davam edir. Gürcüstanla da ölkəmiz arasında 30 ildir, belə problemlər mövcuddur".

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev də qeyd edib ki, Azərbaycan-Rusiya sərhədində delimitasiya prosesi başa çatdırılıb:

"Yəni xəritə üzərində dövlətlərin əraziləri dəqiqləşdirilib. Koordinatları müəyyənləşdirilib və topoqrafik təsviri hazırlanıb. Demarkasiya işləri isə bilavasitə həmin xəritədəki coğrafi koordinatların yer üzərində olan qeydiyyatıdır. Orada sərhəd haradan keçdiyi təyin edilir, sərhədboyu, nişanlar qoyurlar. Gedişat o mənada davam edir ki, hələlik xəritə üzərində konkretləşdirilmiş sahələr yerə köçürülməyib. Azərbaycanla Rusiya arasında Qusar rayonu ərazisində çay yatağı dəyişdiyinə görə, müəyyən bir problem var idi.

Artıq Birgə Hökumətlərarası Komissiya razılaşmaları yekunlaşdırıb. Xəritəyə üzərində hazır edilib. Çay yatağının dəyişməsindən asılı olmayaraq, həmin sərhəd məntəqələri aydınlaşdırılıb. Coğrafi koordinatlar yer üzərinə köçürülür. İşlər yəqin ki, yaxın zamanda tamamlanacaq. İki ölkə arasında bundan başqa bir problem yoxdur.

 Gürcüstan sərhədində Ceyrançöllə bağlı anlaşmazlıq mövcuddur. Gürcülər oradakı alban kilsəsini özlərininki hesab edirlər. Azərbaycan-Ermənistan arasında isə nə delimitasiya, nə də demarkasiya prosesi axıra çatdırılıb. Məsələ barədə ayın sonu Birgə Hökumətlərarası Komissiyanın müzakirəsi olacaq. 

Təbii ki, sərhəd müəyyənləşdirilərkən DSX da iştirak edir. Çünki həmin ərazilər dəqiqləşdiriləndən sonra sərhəd xəttinin qorunması, neytral zonanın necə təşkil edilməsi, nəzarətin hansı formada həyata keçirilməsi həmin qurumun vəzifəsi və səlahiyyətindədir".