Nazim Bəydəmirli: “Bu qədər çoxsaylı nazirliklər, komitələr heç bir dövlətdə yoxdur”
İradə Cavadova: “6 aydan bir hesabatlar tələb olunmalıdır. Hazırda struktur dəyişikliklərinin həyata keçirilməsi müsbət haldır.”
Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu işdən çıxarılıb. M.Vahabov Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə təqaüdə göndərilib.
Xatırladaq ki, general-mayor Mirqasım Vahabov sabiq Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Aydın Əliyevin adamı kimi tanınıb. O, sabiq komitə sədri Səfər Mehdiyevin də inamını qazanmışdı.
Bundan başqa, "Azəriqaz"ın son 7-8 ay ərzində 20-yə yaxın əməkdaşı vəzifəsinə qarşı məsuliyyətsiz yanaşdığına görə, töhmətlə işdən çıxarılıb. Bu barədə qurumun İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev məlumat verib. O bildirib ki, kim öz vəzifəsini məsuliyyətlə, vicdanla yerinə yetirirsə, problemimiz az olur:
"Əksini edən töhmət alır. Vətəndaşlarla daim təmasdayıq. Həssas yanaşmalıyıq”.
Dövlət qurumlarındakı islahatları dəyərləndirən "İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri, hüquqşünas İradə Cavadova "Sherg.az"a bildirib ki, çıxarılan əməkdaşlar vəzifələrini lazımi səviyyədə icra edə bilmirlərsə, bu, hətta gecikmiş bir qərardır:
"Onları çoxdan dəyişmək vacib idi. İşçilərin fəaliyyətlərinə nəzarət edib, vaxtaşırı yoxlama aparmaq zəruridir. 6 aydan bir hesabatlar tələb olunmalıdır. Hazırda struktur dəyişikliklərinin həyata keçirilməsi müsbət haldır. Yeni əməkdaşların işə götürülməsi 5-10 il də onların nəzarətsiz buraxılması demək deyil".
Sabiq millət vəkili, iqtisadçı-alim Nazim Bəydəmirli belə yerdəyişmələri kadr islahatlarının tərkib hissəsi hesab etmir:
"Yüksək vəzifəli məmurlar adətən ətrafına öz "komandasını" təşkil etmək adı altında dost, tanışlarını yığırlar. İllərdir, eyni proses davam edir. Dövlət Gömrük Komitəsinin əvvəlki rəhbərliyi də belə idi. Bundan sonra da heç nəyin dəyişməyəcəyini düşünürəm. Çünki bir şəxsin əvəzlənməsi və ya kadrların yenilənməsi ilə islahat aparılmır. Dövlət Gömrük Komitəsi ləğv edilməli, Vergilər xidməti ilə birgə şəffaf şəkildə fəaliyyət göstərməlidir. Ümumiyyətlə, Nazirlər Kabinetinin Gürcüstan modelini funksionallıq, dinamiklik baxımından ölkəmizdə həyata keçirməsi arzuolunandır. Bu qədər çoxsaylı nazirlik, komitə heç bir dövlətdə yoxdur. Məsələn, Gürcüstanda Nazirlər Kabineti dedikdə 12 nəfərdən ibarət bir komanda nəzərdə tutulur. Onlardan ikisi ölkənin prioritetinə uyğun olaraq, hər il dəyişmək şərti ilə, rotasiya qaydasında baş nazir müavini vəzifəsini icra edirlər. Sadəcə qruplararası koordinasiyanı reallaşdırırlar. Bu mənada hökumət parlamentə tabe olduğuna görə, hesabatlı və məsuliyyətli olur. Ona görə də istər DGK, istər başqa qurumlarda kadrların dəyişilməsinə ümidli deyiləm. Azərbaycanda vəzifə təyinatı yerlibazlıq, regionçuluq üzərindən aparılır. Rüşvətxorluq, korrupsiya elementləri də kifayət qədər çoxluq təşkil edir. Eynilə bütün bunları "Azəriqaz"a şamil etmək olar. Bütün təşkilatlarda qeyri-şəffaf mühitin olması vəzifədən sui-istifadə hallarına yol açır. Həmçinin başqa dövlətlərdə işçilərin hüquqları ilə bağlı məsələləri müşahidə etdiyimiz kimi, Azərbaycanda görə bilmirik. Nə ictimai təşkilatlar, nə də siyasi partiyalar ölkə həyatında bir funksiya rolunu oynayırlar".