Laçında 2 hərbçimiz minaya düşüb. Bu barədə Qubadlı Hərbi Prokurorluğundan məlumat
verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanov avqustun 20-də,
Heydər Gülmalıyev isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində
minaya düşüblər. Bunun nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə ilə bağlı
Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, minanın Laçından köçürülən
erməni silahlı qüvvələri tərəfindən qəsdən yerləşdirildiyi iddiaları dolaşır.
Evləri və qəbirləri dağıdan vəhşilərdən hər şey gözlənildiyini deyən hərbi ekspert İbrahim
Rüstəmli "Şərq"ə bildirib ki, indiki vəziyyətdə hərbçilərimiz 10 qat daha diqqətli olmalıdır:
"Ermənilərin təcrübəsində hər zaman belə alçaq hərəkətlər olub. Onlar bundan da mundar
təxribatlar törədib. Məsələn, suya bombalı oyuncaqlar atıblar, işlək yolları gecəylə minalayıblar.
Bunun nəticəsində də xeyli mülki əhali və uşaq dünyasını dəyişib. İndiki halda isə risk
zonalarında daha diqqətli olmalıyıq. Çünki ermənilərə inanmaq olmaz. Bu vəziyyətdə
istehkamçılarımızın üzərinə böyük yük düşür. Onlar daha çevik və operativ işləməlidir.
Hərbçilərimiz isə şübhəli məqamlara həssas yanaşmalıdırlar. Biz revanşist ermənilərin kökünü
kəsmədikcə, minanın da kökü kəsilməyəcək. Dünya müharibə təcrübəsi göstərir ki, əgər sən
minanı zərərsizləşdirməsən, o səni zərərsizləşdirəcək. Hazırda erməni silahlı dəstələri xaotik
vəziyyətdədir. Ona görə də onlardan hər cürə alçaqlığı, namərdliyi gözləmək olar. Bütün bunlar
bizim üçün ciddi siqnaldır və hər kəs 10 qat daha ciddi olmalıdır. Arzu edirəm ki, bu bizim
həyatımızda sonuncu belə hadisə olar".