Artıq Vətən müharibəsindən 2 il vaxt keçməsinə baxmayaraq işğaldan azad edilən ərazilərdə hələ də mina təhlükəsi qalır. Ermənistan tərəfi öhdəsinə götürdüyü mina xəritələrinin düz versiyalarını vermir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bununla bağlı Ermənistana təzyiq etmir. Son zamanlarda baş verən partlayışlar isə "minayla bağlı əhali arasında təbliğat aparılmalıdırmı, onlara təlim keçirmək olarmı" sualı doğurur.
"Mina ilə bağlı maarifləndirmə müvafiq qurumların bir nömrəli işi olmalıdır" deyən hərbi ekspert Üzeyir Cəfərov “Sherg.az"a bildirib ki, ANAMA və Müdafiə Nazirliyi bununla bağlı müəyyən bukletlər hazırlamalıdır: “Müharibə aparan ölkələr işğaldan azad edilən ərazilərlə bağlı kompleks tədbirlər həyata keçirir. Mina ilə bağlı maarifləndirmə işi də bunlardandır. Ölkə başçısı da dəfələrlə qeyd edib ki, ermənilərin verdiyi xəritələrdəki həqiqət payı 25 faizdən azdır. Bunları bildiyimiz halda ermənidən heç nə gözləməməliyik. Beynəlxalq qurumlara isə ümid etmək olmaz. Çünki onların hamısı ölü təşkilatlardır. Nə BMT, nə də ATƏT Ermənistana təsir gücünə malik deyil.
Bu səbəbdən də ermənilərin törətdiyi cinayətlərə görə beynəlxalq qurumlar məsuliyyət daşıyır. Biz onlara Laçından çıxmaq üçün şərait yaradırıq, onlar isə mina basdırırlar. Ərazilərimizdə 2021-ci ildə Ermənistanda istehsal olunan minalar aşkarlandı. Rus sülhməramlılarına sual vermək lazımdır ki, siz 2020-ci ildən bura gəlmisiz, bəs 2021-ci ilə aid minalar Qarabağda nə gəzir? Məsələnin məğzi budur ki, rus sülhməramlıları separatçı Ermənistanı dəstəkləyir və təxribat törətməsinə şərait yaradır. Biz Azərbaycan olaraq özümüz öz başımıza çarə qılmalıyıq. Təkcə dövlət qurumları deyil, media orqanları da bu hadisəni təbliğ etməli və əhalini maarifləndirməlidir”.