"Ermənistanda belə bir "dəsti-xətt" var: Böyük görüşlər keçirilən ərəfədə, sülhə doğru addım atıldıqda təxribatlara yol verirlər".
Bu sözləri millət vəkili, siyasi analitik Arzu Nağıyev "Sherg.az"a açıqlamasında düşmən tərəfin Kəlbəcər istiqamətində provokasiya cəhdlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, həmçinin Brüsseldə baş tutan danışıqlardan sonra təhriketmələrin ardı-arası kəsilmir:
"Bu gün Rusiya da, Avropa İttifaqı da sülhün tənzimlənməsində birmənalı şəkildə iştirak etməyə can atır. Bundan başqa, digər bir məsələ Paşinyan hakimiyyəti ilə keçmiş "Qarabağ klanı" arasında gedən mübarizədədir.
Paşinyan paralel olaraq, həm sülhə çağırış edir, həm də qondarma "status" mövzusunu dilə gətirərək, vətəndaşları sakitləşdirmək üçün bir variant axtarmağa çalışır. Eyni zamanda Xankəndidəki separatçı rejimin sabiq "müdafiə naziri" Mikael Arzumanyan tutulub. Çünki Qarabağ ərazisində övladları həlak olan əsgər anaları Paşinyanın həbsini tələb edirdilər.
Lakin Ermənistanın baş naziri qəfil M.Arzumanyanı azadlıqdan məhrum etməklə günahkarlardan birinin o olduğunu göstərmək istəyir. Sabiq “nazir” quldurbaşı Araik Arturyanın ən yaxın adamlarından biridir.
Ona görə də bu proseslərdə təxribat yaratmalıdır ki, müəyyən qədər fikir yayındıra bilsin. Lakin Azərbaycan qalib tərəf kimi hərəkət edir. Delimitasiya və demarkasiya, sülh sazişinin imzalanması və digər istiqamətlərdə öz siyasətimizi aparırıq və davam etməkdəyik.
Düşmən tərəfin avqust ayının 4-5-də Laçında törətdikləri provokasiyaya görə, ordumuzun keçirdiyi "Qisas" əməliyyatı Ermənistana dərs olmalıdır. Əks halda Azərbaycan öz problemlərini hərbi yolla da həll etmək iqtidarındadır".