“Azərbaycan ABŞ üçün İrana açılan regional fürsətlər pəncərəsində həlledici rola malikdir”
“Buna görə də ABŞ-Azərbaycan münasibətlərinin təməllərinə, Pelosi kimi daxili auditoriyada erməni icmasının ürəyinə su səpmək üçün addım atan biri zərbə vura bilməz”
Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan ordusu böyük miyaslı təxribata cəhd etdi. Lakin ordumuz düşmənə tutarlı cavab verdi və onu yerində oturtdu. Bu hadisədən sonra işğalçı ölkənin baş naziri Nikol Paşinyan dünya liderlərinə zəng açaraq, onları dəng etməyə başladı. Doğrudur, heç bir müsbət cavab ala bilmədi. Axı kimsə işğalçının yanında dayanmaq istəməz. Amma təcavüzkarın yanında və arxasında duran məkrli, şər qüvvələr də olur həmişə. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi kimi. Bu ağbirçək ötənlərdə Ermənistana səfər edib. Səfər zamanı amerikalı spiker münaqişədə Azərbaycanı günahlandıraraq qondarma soyqırımı abidəsinin qarşısında “timsah”göz yaşları töküb . Pelosinin bu fəaliyyəti öz siyasi ambisiyasına və lobbi maraqlarına xidmət edir. O bu hərəkətlərlə regionda gərginlik yaradır. Bununla da ABŞ-ın Azərbaycan ictimai rəyində onsuz da aşağı olan nüfuzunu daha da zəiflədir.
Məsələyə münasibət bildirən siyasi şərhçi Aqşin Kərimov “Sherg.az”a bildirib ki, Nensi Pelosi Azərbaycan-ABŞ münasibətlərinin gərginləşməsinin və ya inkişafının indikatoru ola bilməz:
“Burada 3 vacib məqam var. Birincisi Amerika Azərbaycanla müxtəlif sahələrdə, anti-terrorizmdən tutmuş, enerji layihələrində yüksək səviyyədə əməkdaşlıq edir. İkincisi Rusiyanın Ukraynaya hərbi təcavüzü Avropanın enerji bazarlarında Azərbaycanın rolunu artırır. Avropanın təhlükəsizlik arxitekturasına önəm verən rəsmi Vaşinqton Azərbaycan qazının Rusiya qazına alternativ yaratmaq imkanlarını nəzərdən keçirir. Üçüncüsü isə Azərbaycan ABŞ üçün İrana açılan regional fürsətlər pəncərəsində həlledici rola malikdir. Buna görə də ABŞ-Azərbaycan münasibətlərinin təməllərinə, Pelosi kimi daxili auditoriyada erməni icmasının ürəyinə su səpmək üçün addım atan biri zərbə vura bilməz”.
Analitik qeyd edib ki, Amerikada formalaşan Cənubi Qafqaz strategiyasının Azərbaycan üçün mənfi cəhətləri mümkündür, çünki Vaşinqton əsas hədəf kimi Rusiyanı “aradan götürmək” istəyir:
“Azərbaycan rəqabəti faydaya çevirmək bacarıqlarını inkişaf etdirməlidir və ən həlledici məqamlarda əvvəlki illərdəki balans siyasətinə sadiq qalmalıdır. Balans siyasəti təhlükəsizlik qayğılarından irəli gələn öhdəliklərin icrasını da sürətləndirməlidir. Azərbaycan diplomatiya ilə yanaşı hərbi gücünü inkişaf etdirib, tərəfləri təhdidlər buludunu dağıtmaq potensialında olduğuna inandırmalıdır. Türkiyə bu istiqamətdə Azərbaycana dəstəkdir və regionda qılınclarını çarpazlayan güclər bu amili nəzərə alırlar”.