Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Sənəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə imzalanıb.
Heydər Əliyev kimi dahi siyasətçilərin dünyaya min ildə bir göz açdığını deyən “KVN Parni iz Baku” Teatrının rəhbəri, Əməkdar artist Tahir İmanov “Sherg.az”a bildirib ki, Ulu öndərin hakimiyyətə gəlişi Azərbaycan xalqı üçün böyük bəxşiş idi:
“Biz bu böyük səxsiyyəti canlı gördüyümüz və ondan dəyərli məsləhətlər aldığımız üçün özümüzü xoşbəxt sayırıq. Çünki Heydər Əliyev mənim üçün ən böyük Azərbaycanlıdır. O olmasa idi, ölkəmizin dünya xəritəsindəki mövcudluğu sual altında qalardı. 20-ci əsrin 90-cı illərindəki çətinlikləri unutmaq mümkün deyil. Qarabağ məsələsi və ölkədəki separatçıların aktivləşməsi daha çox gərginliyə səbəb olurdu. Belə bir dövrdə yalnız Heydər Əliyev Azərbaycanı bəlalardan xilas etməyə qadir idi. Onun təcrübəsi və vətənə olan sevgisi, ölkəmizi ən böyük uğurlara gətirib çıxardı. Ulu öndər 1993-cü ildə hakimiyyətə gəldikdən sonra müharibəni dayandıraraq, ordunu və iqtisadiyyatı gücləndirdi. Onun uzaqgörən siyasəti nəticəsində cəmiyyət arasında bədbinlik aradan qalxdı və bugünkü qələbəmizə aparan yolun təməlləri atıldı. Heydər Əliyev bir insan kimi də mükəmməl şəxsiyyət idi. O idmançı ilə idmançı kimi, mədəniyyət xadimi ilə peşəkar mədəniyyət işçisi kimi danışırdı. Möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən də belə bir sərəncamın imzalanması alqışalayiq hadisədir. Mən də öz növbəmdə Ulu Öndər Heydər Əliyevi ehtiramla anır, ona allahdan rəhmət diləyirəm”.