Ərdoğan Paşinyana mühüm təkliflər verə bilər


“Bunların arasında rəsmi İrəvanın indiki iqtisadi vəziyyətinə təsir və təhlükəsizlik məsələsi ilə bağlı zəmanət olacağını güman edirəm”

“Planlaşdırılan görüşün regiona və Ermənistan-Azərbaycan münasibətlərinə də müsbət təsir göstərəcəyini düşünürəm”

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan  açıqlama verib.
O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda görüşə bilər. 

Vitse-spikerin sözlərinə görə, ikitərəfli görüşün gündəliyi Ermənistan - Türkiyə əlaqələrinin nizamlanması prosesi olacaq.
Görüş ehtimalını “Sherg.az”a dəyərləndirən politoloq İlqar Vəlizadə bildirib ki, tərəflərin ilk dəfə birbaşa görüş keçirmək planı çox önəmlidir:

“Paşinyan və Ərdoğanın birbaşa görüşdə qarşıda duran məsələləri daha ətraflı müzakirə edə biləcəklər. Əsas məsələ isə vasitəçilərin bu müzakirələrə qarışmamasıdır. Danışıqların isə konstruktiv və açıq gedəcəyini güman edirəm.  Türkiyə prezidenti ilə görüşdən sonra Ermənistan rəhbərliyi yeni nəticələr çıxara bilər. 

Ola bilsin ki, rəsmi Ankara Paşinyana yeni təkliflər etsin. Bu təkliflərin arasında rəsmi İrəvanın indiki iqtisadi vəziyyətinə təsir və təhlükəsizlik məsələsi ilə bağlı zəmanət olacağını güman edirəm. 

Planlaşdırılan görüşün regiona və Ermənistan-Azərbaycan münasibətlərinə də müsbət təsir göstərəcəyini düşünürəm”.