Deputatın  təklifi dəstəkləndi! - “Aliment Fondunun yaradılması və...”

Milli Məclisin bu gün baş tutan iclasında millət vəkili Siyavuş Novruzov  Aliment Fondunun yaradılmasını təklif edib.
Millət vəkili qeyd edib ki, deputatlara daxil olan müraciətlər sırasında alimentlərlə bağlı məsələlər xüsusi yer tutur: “Buna görə də vətəndaşın aliment hüququnun tam şəkildə yerinə yetirilməsi vacibdir”.

Parlamentarinin sözlərinə görə Aliment Fondu yaradılmalıdır, aliment ala bilməyənlərin pulu həmin Fond, yəni dövlət tərəfindən verilməlidir:

“Daha sonra isə alimenti ödəyəcək şəxsdən həmin vəsaitin geri qaytarılması təmin olunmalıdır”.

 Bu gün insanların alimentlərlə bağlı ciddi problemi olduğunu deyən iqtisadçı-ekspert Rəşad Həsənov “Sherg.az”a bildirib ki, belə bir fondun yaradılması  xeyli konfliktin qarşısını alacaq:

“Fondun yaradılmağına təşəbbüsdən əvvəl onun funksionallığı və təyinatı dəqiqləşdirilməlidir.Hazırda cəmiyyətdəki aliment problemlərinin ən böyük cəzasını uşaqlar çəkillər. Bu eyni zamanda ölkədəki insan kapitalının formalaşmasına da mənfi təsir göstərir. Alimentlərin vaxtında ödənilməməsi nəticəsində, keyfiyyətli təhsilə və səhiyyə xidmətlərinə çıxış imkanları məhdudlaşır.Məsələyə bu aspektən baxdıqda belə bir vahid sistemin yaradılması  və prosesin peşəkar təşkili pis olmaz.Boşanmış ailələrə alimentin dövlət tərəfindən ödənilməsi və daha sonra fondun ödədiyi vəsaiti tələb etməsi mümkündür. Bu təşəbbüs məhkəmə işlərinin də qarşısını alacaq. Alimenti fond tələb etsə, qarşı tərəf  daha da məsuliyyətli olacaq”.