"Hulusi Akarın Bakıya səfəri bir neçə kontekstdə diqqət çəkir".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
O bildirib ki, son sərhəd toqquşmasından sonra Ermənistan yeni hücuma hazırlaşdığını gizlətmir:
"Bu ölkənin baş qərargah rəisinin müavini hücumla bağlı əmr aldıqlarını açıqladı.
Etirazların yaşandığı İran isə diqqəti Azərbaycan üzərində fokuslayır. Tehranda Azərbaycanın Ermənistanla dövlət sərhədini bərpa etmək istəyinə qarşı mümkün müdaxilə ssenarilərinin nəzərdən keçirildiyi də istisna deyil".
Analitikin sözlərinə görə, Xüsusi Təyinatlı Qüvvələrin Türkiyəyə, Türkiyənin hərbi rəhbərliyinin Azərbaycana gəlişi maraqlıdır:
" İki ölkə mümkün risklərə qarşı birgə plan üzərində işləyir. Ermənistanın gözlənilən təxribatına əks-cavab əməliyyatı istisna deyil.
Hulusi Akarın nümayəndə heyəti ilə Bakıya gəlişi dövlət sərhədinin bərpası üçün praktiki addımların atılması zərurəti yaranacağı təqdirdə üçüncü tərəflərin mümkün müdaxilə riskinə qarşı çəkindirici mesaj xarakteri də daşıyır.
Üçüncü tərəf kimi daha çox İran aktivlik nümayiş etdirir, o cümlədən, Fransanın da Ermənistana hərbi dəstək verməsi gözləntiləri var".
Qeyd edək ki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 4-14 oktyabr tarixində Türkiyədə “Bordobərəlilər”lə birgə təlimlər həyata keçirəcək. Türkiyənin milli müdafiə naziri Hulusi Akarın ölkəmizə səfəri də oktyabrın 4-nə təsadüf edir.