"Ermənistan heç vaxt ciddi dövlət olmayıb. Onu idarə edən rəhbərlər də siyasətçi kimi sözlərinin üstündə durmayıblar".
Bunu "Sherg.az"a açıqlamasında hərbi jurnalist, ehtiyatda olan zabit Üzeyir Cəfərov deyib.
O bildirib ki, Ermənistana maraqlı qüvvələr tərəfindən tapşırıq verilib, icra etməyə də məcburdur:
"44 günlük savaşdan sonra Azərbaycan siyasi rəhbərliyi ilə görüşlər keçirdilər. Lakin verdikləri vədlərdən qaçırlar. Azərbaycan sentyabrda 17 nəfər terrorçu əsri geri qaytardı, xoş niyyət sərgilədi. Ermənistan yenə də Azərbaycan Ordusunun mövqelərini atəş tutur. Bu, Ermənistanın terrorçu dövlət olduğunun açıq isbatıdır. Əvvəllər, Kəlbəcər atəşə tutulurdu, indi Daşkəsən, Tovuz və digər istiqamətlərdə atəşkəsi pozurlar. Hələ uzun müddət belə hadisələr yaşanacaq.
Ermənistanın sülh müqaviləsi imzalaması məndə şübhə doğurur. AŞPA müzakirələrində Ermənistan qısa müddətdə az qala bütün dünyanı Azərbaycanın üzərinə qaldırmağa müvəffəq oldu. Ermənistanın baş naziri Nikol Paşinyan ikibaşlı oynayır: Gah Qərblə, gah da vassalı olduğu Rusiya ilə".
Hərbi ekspertin qənaətincə, qarşıda Azərbaycanı çətin günlər gözləyir:
"Dövlət və ordu işimizi elə qurmayılıq ki, əsgər, sabitlərimizin həyatını qoruyaq. Ərazilərimizdə qeyri-qanuni silahlı birləşmələr, eləcə də, onların havadarları rus sülhməramlıları var. Arxayınlaşmamalıyıq. Düşmənin təxribatlarına hazır olmalı, yolunu azmaması üçün adekvat tədbirlər görməliyik. Azərbaycan Ordusu hazır vəziyyətdədir. Ermənistana qəti xəbərdarlıq etmək lazımdır ki, təxribatları dayandırsın”.
Qeyd edək ki, Oktyabrın 10-u saat 09:55-dən saat 16:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd, Tovuz rayonunun Ağbulaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.