“Bu, Gürcüstana da maraqlıdır”
"Azərbaycan, Türkiyə və Gürcüstan arasında mütəmadi olaraq hərbi əməkdaşlıq çərçivəsində təlimlər keçirilir”.
Bunu "Sherg.az"a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də Gürcüstanda səfərdə olub:
“O, Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə keçiriləcək “Qafqaz Qartalı-2022” xüsusi təyinatlı bölmələrin birgə təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə tutulan “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi və “Qafqaz Qartalı-2023” birgə təliminin yüksək səviyyədə təşkili barədə müzakirələr aparmışdı. İndi isə birgə təlimlərin gerçəkləşdirməsi önəmli addımdır”.
Ş.Ramaldanov qeyd edib ki, Gürcüstan, Azərbaycan və Türkiyənin hərbi sahədə əməkdaşlığı daha geniş olacaq:
"Enerji resursları məhz Azərbaycandan Gürcüstana, ordan da Türkiyəyə ötürülür. Bədnam qonşularımız - Ermənistanın mövqeyini, eləcə də, Tovuz rayonunun strateji əhəmiyyətini nəzərə alsaq, kəmərin təhlükəsizliyini təmin etmək üçün birgə fəaliyyət göstərilməlidir. Antiterror əməliyyatı aparmaqdan ötrü birgə təlimlər keçirilməlidir.
Bu təlimlər Gürcüstana da maraqlıdır. Azərbaycan XTQ-ləri qələbə qazanan ordunun nümayəndələridir. Həm Türkiyə PKK ilə mübarizədə, həm də Azərbaycan XTQ-ləri savaşlar zamanı təcrübə əldə edib. Həmin təlimlər vasitəsilə müvafiq təcrübə mübadiləsi aparılır".
Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı-2022” adlı birgə təlimləri başlayıb. Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə təlimlər hər il təşkil olunur.