Düşmən mövqlərimizi atəşə tutur!- “Bunun ssenarisi Parisdə yazılır”

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda qeyd olunub: “Oktyabrın 13-ü saat 15:15-dən saat 15:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub”. 

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Hərbi ekspert Elxan Şıxəliyev Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutululmasından “Sherg.az”a danışarkən bildirib ki, biz Ermənistan siyasilərinin sülhlə bağlı verdiyi bəyanatları sərhəddəki vəziyyətlə dəyərləndirməliyik:

 “Tərəflər arasında baş tutan görüşlərdən,xüsusilə də, Praqa görüşündən sonra Ermənistan baş naziri və xarici işlər naziri də ilin sonuna kimi Azərbaycanla sülh bağlamağın mümkünlüyü ilə bağlı mesajlar verdilər. Amma sərhəddə bunun təzahürünü görmürük. 

Deməli, onlar ikili oyanırlar. Bizlə təmas vəziyyətində olan bölmələrə xüsusən də Kəlbəcər, Laçın, Daşkəsən, Tovuz istiqamətindəki korpus komandirlərinə birbaşa atəşkəsin pozulması yönündə tapşırıqlar verirlər. Bununla belə təəssürat yaratmağa çalışırlar ki, sərhəddəki vəziyyətə görə sülh sazişini imzalamaq üçün əlavə vaxt lazımdır. Rəsmi İrəvan reallıqda  Azərbaycanın təklif etdiyi şərtlərlə  razı olmaq istəmir. 

Sərhədlərin, Qarabağın birbaşa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanınması İrəvanda əhalinin və qeyri- qanuni qurumların çox ciddi mübahisəsinə səbəb olub”. 

Ekspertin sözlərinə görə, Ermənistan siyasi rəhbərliyi sülhə hazır deyil və bunu birbaşa deyə bilmir:  

“ Praqada, Astanada olan görüşlərdə müəyyən məsələlərlə razılaşıb, ölkəyə gəldikdə isə öz xalqının tələblərinə görə başqa bir müstəviyə keçirlər. Sərhəddə vəziyyəti gərginləşdirib beynəlxalq ictimaiyyətə güya bizim sülh istəmədiyimizi diqtə edirlər. Burda Fransanın Ermənistana verdiyi dəstək mesajları da var. 

Xüsusilə də Fransa prezidentinin iki yerli kanala verdiyi müsahibədə "Qarabağ Ermənistanın ürəyidir" deməsi də onları sülhdən yayınmağa həvəsləndirir. Fransayla olan belə münasibət rəsmi İrəvanla Azərbaycanın münasibətlərini daha da gərginləşdirəcək. Gərginliyin artması yönündə Ermənistan öz tələblərini irəli sürəcək. Düşünürəm ki, artıq Ermənistan Rusiyanın təsirindən çıxıb Fransanın təsiri altına düşmək istiqamətində addımlayır. 

Bütün bunları nəzərə alaraq deyə bilərik ki,  bundan sonra Azərbaycan-Ermənistan sərhəddində atəşkəsin pozulması ssenarilərilərinin Parisdə yazılmasına şahidlik edəcəyik”.