Ermənistan gərginliyi artıracaq! – “Sərhədlərin tanınmasına süni əngəl..”

"Ermənilərin son günlərdə atəşkəsi intensiv şəkildə pozmaları gözlənilən idi. Xüsusilə, Avropa İttifaqının texniki qrupunun Ermənistana səfəri başlayandan sonra nəzərə çarpmalı idi. Ehtimallar özünü doğruldur".
Bunu "Sherg.az"a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev söyləyib.

E.Şıxəliyevin qənaətincə, ermənilər texniki qrupa atəşkəsin guya, Azərbaycan tərəfinin pozduğunu göstərməyə çalışır:
"Sərhədlərin bərpası, dəhlizin açılması, sülh sazişi qeyri-qanuni silahlı birləşmələrin ərazidən çıxarılmasına zəmin olmadığını vurğulamaq istəyirlər. 

Daşkəsən və Gədəbəydə atəşkəsin pozulmasını həmin istiqamətdə olan korpus komandirinə verilən göstəriş əsasında gerçəkləşdirirlər. Ermənistan nisbətən yüksəklikdə yerləşən istiqamətlərdən, yuxarıdan aşağı Azərbaycanın mövqelərini atəşə tutur. 

Ermənistanın başı hələ müdafiə əməliyyatlarının aparılmasına qarışıb. Çünki yeni yaranan konfiqurasiyada yalnız mövqelərinin möhkəmləndirilməsi, bölmələrin yeni müdafiə imkanlarının yaradılması ilə məşğul ola bilərlər. 
Atəşkəsin pozulması atıcı silalardan xüsusilə, manqalar səviyyəsində həyata keçirilir. 

Görünür, təmas korpusundakı bölmələrə atəşkəsi intensiv pozmaq göstərişi verirlər. Nəticə etibarilə, texniki heyət sərhəddə baş verənlərin sənədləşdirilməsini, portokollaşdırılmasını ermənilərin təxribatı fonunda qeydə alacaq. Ssenariləşdirilmiş addımlardır. 

İki ay ərzində gərginliyi artıracaqlar. Əlbəttə, belə durumlarda Azərbaycan Silahlı Qüvvələri adekvat cavab vermək məcburiyyətindədir. 

Onlar da yararlanmaq məqsədilə sərhədlərin tanınması üçün uyğun zamanın yetişmədiyini iddia edəcəklər. Sülh sazişini imzalanmasından ötrü siyasi qərar verə bilmirlər. Azərbaycanın irəli sürdüyü təkliflərlə müqavilənin imzalanmasını mümkünsüz sayırlar. Ən qısa yol kimi durumu gərginləşdirməkdə görürlər".

Qeyd edək ki, oktyabrın 18-i saat 18:40-dan oktyabrın 19-u saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman, Pəmbək və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Təzəkənd və Astaf, Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.