“Pedaqoq hansısa dini cərəyanı yaymağa çalışırsa, dərhal onun barəsində tədbir görülməlidir. Fəaliyyətinə xitam verilməlidir”
“Valideynlər belə hallarla qarşılaşanda müvafiq dövlət orqanlarına müraciət ünvanlanmalıdır"
Yevlaxda şagirdlərinə “mərsiyə” ifa etdirən müəllim haqqında araşdırma başlanılıb.
Bir müddət öncə Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli məktəbin riyaziyyat müəllimi Nailə Babayevanın şagirdlərinə dərs zamanı İmam Zamana həsr olunan “Salam Fərmandeh” (Salam komandir) mahnısını ifa etdirmişdi.
Məsələ ilə bağlı Elm və Təhsil Naziliyi, eləcə də müvafiq regional təhsil şöbəsi dini görüşlərini şagirdlər arasında təbliğ edən pedaqoqa sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdi.
Müəllim verilmiş cəzadan nəticə çıxarmayıb.
4 ay səssizliyə qapanan Nailə Babayeva yenidən dini görüşlərinin təbliğatı ilə fəaliyyətə başlayıb. Bu dəfə o, dövlətçiliyə xələl gətirən təhlükəli paylaşımı ilə gündəmə gəlib. "Riyaziyat müəllimləri", "Prezidentə dəstək", "Yevlax məktəb" kimi qruplarda məktəbə, təhsilə aid olmayan mövzuların, konkret olaraq prezidentin Mossad tərəfindən qorunduğunun, sionist olmasının propaqandasını aparır.
Məktəbdə yaşanan hadisə barədə "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndinin qənaətincə, məktəblərdə dini təbliğatın aparılması yolverilməzdir:
"Azərbaycan Respublikasının Konstitusiyasına görə din dövlətdən ayrıdır. Hər kəsin dini etiqad azadlığı var. Lakin o demək deyil ki, kimsə başqası üzərində hegemonluğa, təbliğatın bərqərar olmasına imkan yaratmalıdır. Təhsil müsəssisəsində din təbliğ edilməməlidir. Həyat bilgisi fənnində dinlər haqqında nəzəri məlumat çatdırılır. Pedaqoq hansısa dini cərəyanı yaymağa çalışırsa, dərhal onun barəsində tədbir görülməlidir. Fəaliyyətinə xitam verilməlidir. Valideyn övladını məktəbə elm öyrənməyə göndərir. Dini təhsil almaq niyyəti olsa idi, mədrəsə kimi din təhsili verən istiqamətlərə yönəldərdilər. Biz dünyəvi dövlətik. Müxtəlif dinlərə hörmətlə yanaşırıq. Ölkəmizdə İlahiyyat universiteti də var. Dini təhsil almaq istəyənlər ora daxil ola bilər, şəxsi seçimdir. Məktəbyaşlı uşaqlara isə kimsə dini mövqeyini müəyyənləşdirməsi üçün təsir edə bilməz. Valideynlər belə hallarla qarşılaşanda müvafiq dövlət orqanlarına müraciət ünvanlanmalıdır".