"Müdafiə Naziri Zakir Həsənovun Türkiyəyə işgüzar səfərində əsas müzakirə mövzusu Qarabağdakı son vəziyyətlə bağlı olacaq. Qarabağda, Azərbaycan - Ermənistan sərhədində əməliyyatlar hər zaman öz aktivliyini qoruyur.
Yekun sülh razılaşmasınadək proses davam edəcək. Gözləntilər özünü doğrultmadıqca, Azərbaycanla Ermənistan arasında vaxtaşırı qarşıdurmaların baş verməsi realdır".
Bunu "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.
Ekspert bildirib ki, qarşıdurmaların miqyası isə siyasi proseslərin necə şaxələnəcəyi ilə əlaqəlidir:
"İrimiqyaslı əməliyyatların keçiriləcəyi gözlənilmir. Lokal xarakterli döyüşlər baş verə bilər. Son hadisələr siyasi gərginliyin pik nöqtədə olduğunu göstərir. İran-Ermənistan yaxınlaşması, Qafan şəhərində İranın Baş konsulluğunun açılması, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Zəngilan hava limanının açılışından sonra ötürdüyü siyasi mesajlar, Zəngəzur dəhlizindən danışması, regionun həyatı ilə bağlı bir sıra siyasi açıqlamalar qarşıdurmaların gerçəkləşəcəyini deməyə əsas verir. Liderlər Brüsseldə sülh danışıqlarının istiqamətinin bəlli olması üçün razılaşmışdılar.
Lakin Ermənistan tərəfi yenə "milli maraqlar"ından çıxış edir. Masada Azərbaycandan nəsə qopartmağa çalışır. Həm hərbi sahədə, həm siyasi masa ətrafında Azərbaycan güclü tərəfdir.
Əligüclü olmaq tək Ermənistana qarşı deyil, onun havadarı rəsmi Tehrana qarşıda özünü qorumaq anlamına gəlir. Zakir Həsənovun işgüzar səfərdə sözügedən məsələləri qabardacağı güman edilir".
Qeyd edək ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 24-də Türkiyə Respublikasına işgüzar səfərə gedib. Səfər çərçivəsində müdafiə nazirinin ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair görüşləri, eləcə də qardaş ölkədə keçiriləcək “Saha Expo” sərgisində iştirakı planlaşdırılır.