“Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik”.
“Sherg.az” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Gürcüstanın bir-birini daim dəstəklədiyini qeyd edərək deyib ki, eyni zamanda, ikitərəfli formatda həyata keçirilən bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütün Avropa üçün xüsusi əhəmiyyət daşıyır.
Bunun Prezident İlham Əliyevin Gürcüstana sayca 10-cu səfəri olduğunu deyən BDU-nun professoru, politoloq Əlimusa İbrahimov bildirib ki, bu, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirdiyini isbatlayır:
"Ermənistanla Azərbaycan arasındakı proseslərdən sonra Gürcüstana səfər tam yerinə düşdü. Azərbaycan Ermənistanla müəyyən razılıqlara gəlmək ərəfəsindədir. Yaxın gələcəkdə sülh müqaviləsinin imzalanacağı gözlənilir. Azərbaycan-Gürcüstan münasibətlərini də inkişaf etdirmək zəruridir. Ölkəmiz hər bir qonşusu ilə əlaqələrini yüksələn xətlə inkişaf etdirir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gəlib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir.