“Russia Today” telekanalının və “Rossiya seqodnya” agentliyinin baş redaktoru, erməniəsilli jurnalist Marqarita Simonyanın Ermənistana girişi qadağan edilib.
Simonyan özü bu barədə teleqram kanalında yazıb.
“Uzun illərdir ki, Ermənistana şiddətlə dəstək verən Konstantin Zatulinin Ermənistana girişi bu ölkənin hazırkı rəhbəri tərəfindən qadağan edilib. Yeri gəlmişkən, mənim də”, - Simonyan qeyd edib.
Baş redaktorun Ermənistana girişinin qadağa qoyulmasına münasibət bildirən analitik Asif Nərimanlı "Sherg.az"a açıqlamasında bildirib ki, Simonyanın rəhbərlik etdiyi media resursları Ermənistanın maraqlarını müdafiə etsə də, siyasi hakimiyyətə qarşı çıxış edir. Ermənistanın baş naziri Nikol Paşinyanın rəqibləri üçün platforma rolunu oynayır:
"Ermənistan Rusiya Dövlət Dumasında və mediasında ciddi gücdən imtina edir. Paşinyanın addımının siyasi oriyentasiyasını Qərbə çevirməsi ilə bağlı olduğu bəllidir. Lakin niyə Zatulin və Simonyan?
Çünki Zatulin Ermənistanın siyasi dairələri, xüsusilə Koçaryan-Sarkisyan komandası ilə yaxındır.
Paşinyan Rusiya maraqlarına bu qədər qarşı çıxdığı vaxt adekvat addımlarla üzləşəcəyini anlayır.
Addımlardan birinin də onun hakimiyyətdən devrilməsi ola biləcəyi istisna deyil. Təhlükəyə qarşı ilk tədbir də Kremlin emmisarlarını neytrallaşdırmaq oldu".