Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xətai rayonunda yaşayan bir qrup sakinlə görüş keçirib.
Görüşdə çıxış edən Eldar Əzizov qida məhsullarının qiymətləri ilə bağlı da danışıb:
“Əsas qida məhsulu sayılan çörəyin 1 kq-nın qiyməti Almaniya və İtaliyada 6-7 AZN-dir. İqtisadi cəhətdən çox zəif olan Ermənistanda çörək 2,5 AZN, Rusiyada 2 AZN-dirsə, Azərbaycanda bu, 1 manat 10 qəpik təşkil edir. Yumurtanın bir ədədi Rusiya və Ermənistanda 25 qəpik, Gürcüstanda 24 qəpik, Tacikistan və Moldovada 23 qəpik, Belarusda 18 qəpikdirsə, Azərbaycanda yumurta 16 qəpikdir”.
Eldar Əzizov həm də mal ətinin 1 kq-nın qiymətlər fərqindən danışıb:
“Mal ətinin 1 kq-nın qiyməti Azərbaycandan fərqli olaraq İtaliyada 2,2 dəfə, Ermənistanda 1,8 dəfə, Almaniyada 1,5 dəfə, Rusiyada 1,4 dəfə, Gürcüstanda 1,2 dəfə bahadır".
Bakı merinin fikirlərinə münasibət bildirən iqtisadçı -ekspert Natiq Cəfərli "Sherg.az" deyib ki, Azərbaycanda ərzaq məhsullarının qiymətlərini Qərb, Avropa ölkələri ilə müqayisə edərkən sosial yardımları, orta aylıq əmək haqqını da nəzərə almaq lazımdır:
"Məmurlarımız belə müqayisələr aparmağı sevirlər. Amma yarımçıq müqayisədir. Hətta MDB ölkələri ilə müqayisə aparanda gəlirlərin səviyyəsinə baxılmalıdır. Bizdə orta aylıq əməkhaqqı, təqaüd Belarusdan, Rusiyadan çox aşağıdır. Qazaxıstandan da azdır.
Bəzi ərzaq məhsullarının spesifik xüsusiyyətləri var. Azərbaycanın çörəyi Avropa, Rusiya, Belarus vətəndaşı üçün eyni çörək deyil.
Çünki bizim kulinariya, istehlak mədəniyyətimizdə çörək mühüm rol oynayır. Bu nüansa diqqət yetirmək lazımdır. Orta statistik belarus və ya rus olan 4 nəfərdən ibarət ailənin çörək istehlakı Azərbaycan orta statistik ailəsinin çörək istehlakından üç-dörd dəfə azdır.
Onlarda qiymət baha da olsa, Azərbaycana nisbətdə çörəyə az pul xərcləyirlər. Müqayisə zamanı elmi və məntiqi yanaşmalara ehtiyac duyulur".