Fakt aşkara çıxdı! – “İran Azərbaycanda "casus" şəbəkəsinə dəstək...”


“İranın Azərbaycandakı səfirliyin də planın içində olması artıq həm də təhlükənin miqyasından xəbər verir”

“Heç kim zəmanət verə bilməz ki, səfirliyin yoxlanılmayan avtomobillərində təkcə təbliğat materialları daşınır”

İran xüsusi xidmət orqanları  Azərbaycan  vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunmasına, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsinə səy göstərir. Eləcə də, Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlamağa çalışır. Sözügedən istiqamətlərdə  Dövlət Təhlükəsizliyi Xidməti kompleks araşdərma tədbirləri həyata keçirir.  Əməliyyat - istintaq tədbirləri nəticəsində, İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılan qanunsuz silahlı birləşmə ifşa edilib.  

Məlumatda deyilir ki,  “İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan vətəndaşlarından ibarət gizli yaradılan qanunsuz silahlı birləşməyə rəhbərlik 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilən, hazırda İranda gizlənən Tohid İbrahimbəyli, Rövşən Əsədov, Orxan Məmmədov, Elşad Hacıyev (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilməsi müəyyənləşib. Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən əsasən əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, oradan isə təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıb. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilib, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza etdirməklə müxtəlif məbləğlərdə pul vəsaitləri verilib".

DTX bildirir ki, qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan vətəndaşı istintaqa cəlb olunub. 

Cinayət işi üzrə əvvəllər məhkum edilmiş Iskəndər Hüseynov, Tural Haqverdiyev, Eltun Şükürov və digərləri qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıb.

İranda məskunlaşan Ruhulla Axundzadə və digərləri tərəfindən qruplaşma üzvlərinə müxtəlif tapşırıqların verilməsi barədə materiallar da aşkarlanıb. Qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Orxan Əsədov üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub. Araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilən Fəqan Məmmədovun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib
Qeyd edək ki, barələrində cinayət təqibi olan şəxslər, onların yaxınları və ya vəkilləri, həmçinin İran rəsmiləri Azərbaycan DTX-nın məlumatına hələ münasibət bildirməyib.

Baş verən hadisəylə bağlı fikirlərini "Sherg.az"la bölüşən  siyasi analitik Asif Nərimanlı bildirib ki, İranın Azərbaycanda "casus" şəbəkəsinə bu ölkənin səfirliyinin dəstək verdiyi fikri həmişə olub. DTX-nın əməliyyatı zamanı ortaya çıxardığı fakt isə bir daha təsdiqlədi:

" İran kəşfiyyatının azərbaycanlılardan ibarət yaratdığı silahlı qruplaşmanın üzvləri Azərbaycana lazım olan təbliğat vasitələrini çatdırmaq üçün İran səfirliyinin avtomobilindən istifadə ediblər. Çünki diplomatik toxunulmazlığı olduğuna görə səfirliyin avtomobilində yoxlama aparılmır. Onlara ölkəyə rahat gəlib-getmək, eləcə də istədiklərini daşımaq imkanı yaradır.

Söhbət “Kərimə dövləti”ni elan edən “Huseyniyyun” qruplaşmasından gedir. İran kəşfiyyyatının yaratdığı qruplaşmanın “fikir ataları”ndan biri də general Qasım Süleymani idi. Qruplaşmanın üzvləri Azərbaycanda konstitusiya quruluşunu devirmək üçün “silahlı müqavimət” hazırladıqlarını gizlətmirlər.

Planın İran tərəfindən dəstəkləndiyi bəllidir. İranın Azərbaycandakı səfirliyin də planın içində olması artıq həm də təhlükənin miqyasından xəbər verir. Heç kim zəmanət verə bilməz ki, səfirliyin yoxlanılmayan avtomobillərində təkcə təbliğat materialları daşınır. Əslində başqa şeylər də daşına bilər, yəni planlaşdırdıqları “müqavimət” üçün silah-sursat, axtarışda olan şəxslər və s".