Hikmət Mirzəyev "Həyəcan" siqnalı verdi

Cənub sərhədində xüsusi təyinatlıların hərbi təlimləri başlayıb

"Bu təlimlər Azərbaycan ilə təhdid dilində danışmağa cəhd edən revanşist qüvvələrə və Ermənistana bir mesajdır"


  Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.
  Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimin planına əsasən hərbi hissələr "Həyəcan" siqnalı ilə qaldırılıb.

  Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib.
  Digər qoşun növləri ilə qarşılıqlı fəaliyyət təşkil edilib.

Plana uyğun olaraq təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edəcək.

  Qeyd edək ki, təlim çərçivəsində xüsusi təyinatlı bölmələrin müəyyən xüsusi hazırlıqları üzrə ayrıca yoxlamalar keçirilir.
Ekspertlərin fikrincə, xüsusi təyinatlıların iştirakı ilə hərbi təlimlərin keçirilməsinin İkinci Qarabağ müharibəsinin, xüsusi təyinatlıların Şuşanı qanla, şərəflə, tarix yazaraq almasının ildönümü ərəfəsinə təsadüf etməsi son dərəcə əhəmiyyətli bir nüansdır. 

  Hərbi ekspert Ədalət Verdiyevin “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri öz ərazisinin istənilən nöqtəsində hərbi təlimlər keçirmək hüququna malikdir. Azərbaycan Silahlı Qüvvələri ənənəvi olaraq, ildə bir neçə dəfə bütün qoşun növlərini cəlb etməklə irimiqyaslı hərbi təlimlər keçirir. Bu təlimlər plana uyğun həyata keçirilir. Təlimlər ordunun döyüş qabiliyyətinin artırılmasında əsas amillərdən biri hesab olunur: 

“Son illər Azərbaycanın ordu quruculuğunda xüsusi diqqət yetirilən məsələlərdən biri də müxtəlif miqyaslı hərbi təlimlərin müntəzəm keçirilməsidir. Taktiki-xüsusi təlimlərin keçirilməsində əsas məqsəd xüsusi təyinatlı hərbi hissə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

  Kifayət qədər effektiv olan bu təlimlərdə hərbçilərimizin taktiki-texniki döyüş atışlı və digər silahlardan istifadə qaydalarının da təkmilləşdirilməsi müşahidə olunur. Heç şübhəsiz, bu təlimlərdə də xüsusi təyinatlı birləşmələrin yüksək peşəkarlığının şahidi olacağıq. Budəfəki təlimlərə Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri də xüsusi təyinatlılarımızla birlikdə bu təlimlərə cəlb olunub. Təlimlərə Hikmət Mirzəyevin rəhbərlik etməsi isə bu təlimlərin genişmiqyaslı olmasından və kifayət qədər əhəmiyyətli vəzifələr icra edəcəyindən xəbər verir”.

Hərbi ekspertin fikrincə, bu təlimlər həm də Azərbaycan ilə təhdid dilində danışmağa cəhd edən revanşist qüvvələrə və Qarabağda atəşkəsə dair 10 noyabrda əldə edilmiş üçtərəfli razılaşmanı yerinə yetirməyən Ermənistana bir mesajdır. Bir növ Azərbaycan Ordusunun gücünün göstəricisidir.