"Cənub sərhədində xüsusi təyinatlıların hərbi təlimləri keçirilir. Təlimlər zamanı Xüsusi Təyinatlı Qüvvələr (XTQ) özəl tapşırıqlar icra edəcəklər. Bu tapşırıqları yerinə yetirərkən onları dəstəkləyən digər qoşun növləri və bölmələr ilə əlaqədə olacaqlar".
Bunu "Sherg.az"a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O bildirib ki, təlim XTQ-lərin döyüş qabiliyyətinin artırılmasına hesablanıb:
"Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısı alınarkən XTQ dəqiq atəş vasitələrilə müştərək şəkildə yüksəklikləri düşməndən azad edib. Yeni avadanlıq və sursatlardan təlimlərdə iştirakı təmin edilir. Təlimlər cənubda keçirildiyi üçün İran fonunda fikirlər səsləndirilir.
İranın Azərbaycan sərhədində apardığı təlimlər, rəhbərliyimizi əlavə tədbirlər görməsinə məcbur edir. Bu təlimlər heç bir dövlətə yönəlməyib. Azərbaycanın daxili işidir. XTQ-nin yaxın zamanlarda Gürcüstan və Türkiyə ilə birgə təlimləri də baş tutmuşdu.
Azərbaycan Ordusu, XTQ vəzifəsini yerinə yetirməyə hər zaman hazırdır. Dövlət başçısı İlham Əliyevin bütün döyüş tapşırıqları reallaşıb. Azərbaycanın ərazi bütövlüyünə təhdid yaranarsa, adekvat tədbirlər görüləcək".
Qeyd edək ki, Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.