Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən, noyabrın 2-də Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.
Təlimlər Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilir. Hazırda xüsusi təyinatlıların təlimi davam edir.
Qeyd edək ki, sosial şəbəkələrdə XTQ təlimlərini oktyabrın 17-dən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qoşunları Azərbaycanla sərhəddə keçirdiyi üç günlük hərbi təlimlərlə cavab kimi qiymətləndirənlər var.
XTQ təlimlərini "Sherg.az"a dəyərləndirən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, təlimlər cənub qonşumuzun sərhədlərimizdə əzələ sərgilədiyi dövrə təsadüf edir. Lakin bu plan üzrə reallaşan təlimlərdir:
"Təlimləri müdafiə naziri Zakir Həsənovla birgə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay da izləyib.
Növbəti aktiv döyüş əməliyyatlarının başlayacağını düşünmürəm. Azərbaycan sadəcə işğaldan azad edilən ərazilərin bərpası, yenidən qurulması üçün çalışır.
Hər halda cənub sərhədindəki təlimlər xüsusi siyasi əhəmiyyət daşıyır. Bölgədə bəzi dövlətlər, şimal, cənub qonşumuz vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni əsirgəmir. Stabilliyin bərqərar olmasında istəkli deyillər. Hərbi tərəfdən də, Azərbaycan sərhədləri çərçivəsində üzərinə düşən nə varsa, yerinə yetirəcək.
XTQ-lər 2020-ci ildə çoxlarının alınmaz hesab etdiyi Şuşanın sıldırım qayalarını rahatlıqla adlayıb, döyüş tapşırığını gerçəkləşdirdilərsə, cənub istiqamətində, ümumiyyətlə sərhədboyu istənilən tapşırığı yerinə yetirmək gücündədirlər".