"Sərhəddə vəziyyəti gərginləşdirməkdə məqsəd Avropadan Ermənistana gedən missiya heyətinə həmin ərazilərdə guya, Azərbaycanın atəşkəsi pozduğunu göstərməkdir”
“Hər zaman atəşkəsin pozulmasını, diversiya kəşfiyyat xarakterli fəaliyyətlərin lokal icrasına hazır olmalıyıq”
"Ermənistan Silahlı Qüvvələri təmas xəttində, xüsusilə Kəlbəcər istiqamətində gecə saatlarında mövqelərimizi atəşə tutub. Biz hər zaman deyirdik "Sülh yoxdursa, günün birində silahlar danışacaq". Görünür, Ermənistan Silahlı Qüvvələri Soçi görüşündən sonra gərginliyin artırılması yönündə göstərişlər alıblar".
Bunu "Sherg.az"a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev dyib.
O bildirib ki, təmas vəziyyətində olan erməni birlik və birləşmə komandirlərinə Müdafiə Nazirliyi göstəriş verir, onlar da icra edir:
"Sərhəddə vəziyyəti gərginləşdirməkdə məqsəd Avropadan Ermənistana gedən missiya heyətinə həmin ərazilərdə guya, Azərbaycanın atəşkəsi pozduğunu göstərməkdir. Ermənistan heç vaxt atəşkəsi pozduğunu qəbullanmır. Atəşkəsi pozuraq Azərbaycanı günahlandırır, köhnə taktikadır.
Hər zaman atəşkəsin pozulmasını, diversiya kəşfiyyat xarakterli fəaliyyətlərin lokal icrasına hazır olmalıyıq. Soçi görüşünün ardınca Ermənistan sülh sazişinin imzalanması istiqamətində konkret mesajlar ötürmədi. Qeyri-qanuni erməni hərbi birləşmələrinin torpaqlarımızdan çıxarılması, Zəngəzur dəhlizinin açılması yönündə müsbət addımlar atmadı.
Azərbaycan Silahlı Qüvvələri atəşkəs pozulanda misli ilə adekvat cavab verir. İstənilən halda lokal miqyasda atəşkəsin pozulması irimiqyaslı qarşıdurma ilə nəticələnə bilər. Ermənistan bundan çəkinməlidir. Lakin Azətbaycan ordusunu qarşıdurmaya təhrik etməkdə israrlıdır".
Qeyd edək ki, noyabrın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri 5 saat müddətində Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Ordumuzun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.