“Türk dünyası cənubi  azərbaycanlılara kömək göstərməlidir”

“Siyasi, diplomatik və digər formalarla Cənubi azərbaycanlıları himayə etmək lazımdır”

“44 ildir, hüquqlarının bərpasına çalışsalar da, nail ola bilməyiblər”


Bəzi dövlətlər 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycanın zəfərini həzm edə bilmir. Ötən həftə İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirdi, Qafanda Baş konsulluq açdı. Görünür, Azərbaycanın uğurları İranı ciddi narahat etməyə başlayıb. 

İranda keçirilən etiraz aksiyalarının əhatəsi də genişlənir. On minlərlə güneyli soydaşımızın küçəyə çıxaraq  İranın fars-molla rejiminə  etiraz etməsi onları vəlvələyə salır. 

Qeyd edək ki, İranda yaşayan azərbaycanlılara qarşı kütləvi zorakılıq, hüquqlarının kobud şəkildə pozulması, repressiya qurbanına çevrilməsi etiraz aksiyalarının baş tutmasını tətikləyib. İranın xüsusi xidmət orqanları dinc əhaliyə qarşı zor tətbiq edir. Artıq minlərlə insan həbs olunub, dəhşətli işgəncələrə məruz qalıb.

Güneyli soydaşlarımızın hüquqlarının tapdanması ilə bağlı "Sherg.az"a danışan təbrizli siyasi şərhçi Maşallah Rəzminin qənaətincə, İranda İslam Cümhuriyyəti mövcud olduğu vaxta qədər varsa, orada yaşayan azərbaycanlılar hüquqlarını qoruya bilməyəcək:

"Soydaşlarımızın varlıqları, hüquqları ayaq altında qalır. Məmləkətə qaranlıqda yaşayan şəxslər hakimlik edir. Onlar da işıqda yaşamağı özlərinə xor görürlər. 1500 il əvvəlin qanunlarını zorla ictimaiyyətə qəbullandırmağa çalışırlar. İran hakimiyyətinin əhatəsindəki hər kəsin əli millətin qanına batıb.

Millət bu hökuməti istəmir. Hökumət də milləti məcburən sakitləşdirməyə çalışır, lakin bacarmır. Belə məqamda üçüncü qüvvənin meydana gəlməsinə gərək var. Nəticədə vəziyyətin dəyişməsi mümkündür. 

Cənubi azərbaycanlılar özlərini türk dünyasına mənsub hesab edirlər. Türk dünyasının cənubi  azərbaycanlılara kömək göstərməsinin vaxtı yetişib. Siyasi, diplomatik və digər formalarla Cənubi azərbaycanlıları himayə etmək lazımdır. Onlar təşkilatlansınlar və hakimiyyətin devrilməsində rol oynasınlar. 

 44 ildir, hüquqlarının bərpasına çalışsalar da, nail ola bilməyiblər. Soydaşlarımız şəxsi mənafelərini, hüquqlarını, müqəddəratlarını qorumaqdan ötrü molla rejimini devirməlidirlər. Sonra azərbaycanlılar bərabərhüquqa malik ola bilərlər".