Dini təhlükəsizlik hər zaman diqqət mərkəzindədir

Tolerantlıq tarixən xalqımızın həyat tərzi olub

"Heç bir azərbaycanlı qeyri-islam abidələrinə qarşı hörmətsizlik etməyib. Azərbaycan tarixində belə bir nümunə tapmaq mümkün deyil"

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

  Azərbaycan milli və dini tolerantlığın ən mükəmməl nümunəsi kimi dünyada tanınır. Ölkəmizin tolerantlıq nümunəsi həm dövlət siyasətində əksini tapıb, eyni zamanda müxtəlif xalqlar, etnik qruplar arasındakı dostluq və birgə mehriban yaşayışda. Beynəlxalq Tolerantlıq Günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə dünən paytaxtda keçirilən “Azərbaycan: birgəyaşayış nümunəsi” mövzusunda konfrans da bunun növbəti təsdiqi idi. DQİDK, Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların rəhbərləri və üzvlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov açıb. 

O, Azərbaycanda dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə dini etiqad azadlığı üçün yaradılan şərait, bütün dini konfessiyalara, ibadət yerlərinə göstərilən xüsusi qayğı, həmçinin digər dinlərin daşıyıcılarına münasibətdə tolerantlıq və birgəyaşayış vərdişlərinin önəmi barədə danışıb. DQİDK sədrinin müavini bildirib ki, Yaxın Şərqdəki proseslər göstərir ki, həmin bölgədə dini təhlükəsizlik məsələləri zamanında həll edilsəydi, bugünkü mənzərə yaşanmazdı.

 “Zamanında məzhəbçilik zəmində baş verən proseslər vətəndaş müharibəsi, dağıntılar və kütləvi insan qırğını ilə nəticələndi. Ona görə də müsəlman dünyası, o cümlədən Şərq ölkələri üçün dini təhlükəsizliyin təminatı olduqca vacib məsələdir. Azərbaycan da bu təhdidlərdən, bu proseslərdən sığortalanmayıb. Çünki dini mövqedən Azərbaycana yönləndirilən təhdidlər, təsirlər bir an belə səngimir. Ona görə də biz ölkəmizdə dini təhlükəsizlik məsələlərinə hər zaman önəm veririk və artıq biz bu ənənəni ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin tərkib hissəsi kimi qəbul edərək diqqət mərkəzində saxlayırıq. Ümumiyyətlə, bizim ölkəmizin din siyasətinə nəzər saldıqda iki başlıca vəzifə qarşımızda durur. Dini etiqad, din azadlığının təminatı dövlətimizin din siyasəti üçün prioritet məsələdir. Ona görə də bütün dini konfessiyaların nümayəndələrinə dövlət tərəfindən kifayət qədər diqqət və qayğı göstərilir. İkinci bir istiqamət dini təhlükəsizliyin təminatıdır. Bu iki məsələ bir-birinə o qədər bağlıdır ki, birində hər hansı gərginlik olarsa, digərinə təsir göstərir. 

Ona görə də dini təhlükəsizliyin təminatı elə din azadlığının təminatı üçün başlıca bir elementdir”. Komitə sədrinin müavini xaricdə dini təhsil almış din xadimlərinin Azərbaycanda müxtəlif dini vəzifələrdə çalışması məsələsinə də münasibət bildirib və qeyd edib ki, qanuna əsasən milli kadrlara üstünlük verilir: “Eyni zamanda qanunda xaricdə dini təhsil almış şəxslərin din xadimi kimi fəaliyyət göstərməsinə müəyyən məhdudiyyət var, ancaq istisna hallarda xüsusi yoxlamadan keçdikdən sonra müsbət rəy olduğu halda onları din xadimi kimi təyin edirik”. Sədr müavininin sözlərinə görə, təcrübə göstərir ki, xaricdə dini təhsil almaq özünü doğrultmur. 

“Çünki həmin ölkələrdə verilən təhsil onların siyasətinə xidmət edir, orada təhsil alan insanlar da istər-istəməz yad dini ideologiyanın təsirinə məruz qalırlar.

 Artıq 2018-ci ildən Azərbaycanda İlahiyyat Universiteti fəaliyyət göstərir və bizim milli dini kadrlarımız formalaşır", - deyə o əlavə edib. Sədr müavini həmçinin əlavə edib ki, Azərbaycanda dini təhlükəsizlik məsələləri kifayət qədər diqqət mərkəzində saxlanılır. Lazım gəldikcə zəruri tədbirlər keçiriləcək.

  Sonra parlamentin deputatları Hikmət Babaoğlu və Nəsib Məhəməliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun çıxışları dinlənilib. Tədbirdə eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Aleksiy Nikonorov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycanda müxtəlif dinlərə məxsus ibadətgahların, dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi, dini bayramların yüksək səviyyədə qeyd olunması istiqamətində müxtəlif dini konfessiya nümayəndələrinə dövlət tərəfindən lazımi dəstək verilməsinin Azərbaycanın uğurlu multikulturalizm və tolerantlıq modelinin tərkib hissəsini təşkil etdiyini vurğulayıblar. Eyni zamanda, digər konfessiyaların nümayəndələri kimi xristianlara öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmağa görə yaradılan şəraitdən məmnunluqlarını dilə gətiririblər. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Aleksiy Nikonorov bildirib ki, tolerantlıq başqalarına hörmət etmək qabiliyyətidir. Azərbaycan tolerantlığın modelidir. Burada müxtəlif dinlərdən olan insanlar qarşılıqlı hörmət şəraitində yaşayırlar. Dünyada baş verən qlobal hadisələrdən bəhs edən A.Nikonorov radikal islamın mənfi təzahürlərindən təəssüflə danışıb. Bizim vəzifəmiz Azərbaycanın necə tolerant ölkə olduğunu, burada müxtəlif dinlərdən olan insanların birgəyaşayışını dünyada təbliğ etmək və yaymaqdır. Konfransda eyni zamanda, “Tolerantlıq nümunəsi” adlı qısametrajlı film, “Biz birlikdə güclüyük” və “Vəhdət dəyərimizdir” adlı videoçarxlar nümayiş etdirilib. Tədbirdə Azərbaycanda formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanılması və onun daha da möhkəmləndirilməsi, eyni zamanda, bu sahədə əldə edilən nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği barədə fikir mübadiləsi aparılıb.

  Konfrans barədə fikirlərini “Şərq”lə bölüşən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli qeyd etdi ki, bu səpkili tədbirlər ölkəmizin multikultural dəyərlərini, milli və dini tolerantlığını dünyaya nümayiş etdirmək imkanıdır: 

- Azərbaycan multikulturalizminin, dini tolerantlığının ən bariz nümunəsi cənab Prezident İlham Əliyev, həmçinin Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətidir. Bütün dünya görür ki, cənab Prezident də, Mehriban xanım da islami dəyərlərə hansı hörmətlə yanaşırlarsa, digər dinlərə və mədəniyyətlərə də eyni dərəcədə hörmət edirlər, hər bir etnik qrupun, qeyri-islam mədəniyyəti və dini abidələrinin qorunmasına qayğı göstərirlər. Bu həssaslıq gözəl Qarabağımız düşməndən azad edildikdə özünü göstərdi. Qarabağda olan, düşmən tərəfindən dağıdılmış, viran qoyulmuş dini abidələrin bərpasına vaxt itirilmədən başlanıldı. Məscidlərə hansı münasibət göstərildisə, alban məbədlərinə, kilsələrə, digər ibadət yerlərinə də eyni münasibət göstərildi. Tolerantlıq tarixən xalqımızın həyat tərzi olub. Heç bir azərbaycanlı qeyri-islam abidələrinə qarşı hörmətsizlik etməyib. Azərbaycan tarixində belə bir nümunə tapmaq mümkün deyil. Amma işğaldan azad edilmiş Qarabağa səfər edən dünya ictimaiyyəti nümayəndələri də gördü ki, mənfur qonşularımız 30 ilə yaxın bir müddətdə dini ibadət yerlərini necə təhqir edib, abidələrə divan tutublar. Lakin Azərbaycan dövləti bütün dini və tarixi abidələri bərpa etməkdə qərarlıdır və bununla da tolerantlığın daha bir nümunəsini göstərir. Konfransda səslənən çıxışlarda da fərqli dini konfessiyaların nümayəndələri ölkəmizdə tolerantlıq mühitinin möhkəm əsaslara söykəndiyini dilə gətirdilər. Üzərimizə düşən vəzifə malik olduğumuz tolerantlığı, multikultural dəyərləri bacardıqca daha çox təbliğ etməkdir.